
Milli Hidrometeorologiya Xidməti avqust ayına olan hava proqnozunu açıqlayıb.
Xidmətdən verilən məlumata görə, avqust ayının hidrometeoroloji şəraiti iyuldan az fərqlənəcək və temperatur rejimi demək olar ki, eyni intervalda tərəddüd edəcək. Nadir hallarda qısamüddətli leysan yağışları yağacaq. Yayın əvvəlinə nisbətən avqustda şimşək və dolu hadisələri az müşahidə olunacaq.
Avqustda havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər yüksək olacağı gözlənilir. Aylıq yağıntının miqdarının əsasən iqlim normasına yaxın olacağı ehtimal edilir.
Birinci ongünlükdə ölkə ərazisində hava şəraitinin əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Lakin gündüz saatlarında bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Cənub-şərq küləyi üstünlük təşkil edəcək.
Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 26-28 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturunun 22-27, gündüzlər 29-34, bəzi günlərdə 38-40 dərəcə isti olacağı proqnozlaşdırılır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 6-8 millimetr).
Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında havanın orta aylıq temperaturunun 26-29 dərəcə isti olacağı proqnozlaşdırılır ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturunun 23-28, gündüzlər 30-35, bəzi günlərdə 38-41 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı ehtimal edilir (norma 6-10 millimetr).
Xankəndi, Şuşa, Goranboy, Xocalı, Xocavənd, Ağdam, həmçinin, Daşkəsən, Gədəbəy rayonlarında havanın orta aylıq temperaturunun 18-23 dərəcə isti olacağı proqnozlaşdırılır ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturunun 15-20, gündüzlər 27-32, bəzi günlərdə 35-37 dərəcə isti olacağı ehtimal edilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 26-55 millimetr).
Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarında havanın orta aylıq temperaturunun 20-23 dərəcə isti olacağı proqnozlaşdırılır ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturunun 13-18, gündüzlər 25-30, bəzi günlərdə 33-37 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı ehtimal edilir (norma 15-37 millimetr).
Qazax, Gəncə, Ağstafa, Şəmkir, Tovuz, Ceyrançöl, Tərtər və Füzulidə havanın orta aylıq temperaturunun 25-27 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturunun 21-26, gündüzlər 29-34, bəzi günlərində 37-41 dərəcə isti olacağı ehtimal edilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı proqnozlaşdırılır (norma 19-27 millimetr).
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında havanın orta aylıq temperaturunun 23-26 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturunun 19-24, gündüzlər 28-33, bəzi günlərdə 35-38 dərəcə isti olacağı proqnozlaşdırılır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı ehtimal edilir (norma 27-116 millimetr).
Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Mingəçevir, Beyləqan, Sabirabad, Saatlı, Şirvan, Hacıqabul, Zərdab, Salyan, Neftçala rayonlarında havanın orta aylıq temperaturunun 27-29 dərəcə isti olacağı proqnozlaşdırılır ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturunun 22-27, gündüzlər 30-35, bəzi günlərdə 38-41 dərəcə isti olacağı ehtimal edilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 6-22 millimetr).
Masallı, Yardımlı, Lerik, Lənkəran, Biləsuvar, Astara, Cəlilabad rayonlarında havanın orta aylıq temperaturunun 23-27 dərəcə isti olacağı ehtimal edilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturunun 20-25, gündüzlər 30-35 , bəzi günlərdə 37-39 dərəcə isti olacağı ehtimal edilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 13-83 millimetr).