
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilmiş avarçəkmə üzrə “Prezident Kuboku-2025” beynəlxalq reqatasına bu gün start veriləcək.
Qarabağın dilbər guşəsi olan Suqovuşanda turnirin rəsmi açılış mərasimi və 200 metr məsafədə yarışlar baş tutacaq. Yarışlarda
Azərbaycan, Estoniya, Gürcüstan, Almaniya, Yunanıstan, Macarıstan, Hindistan, Qazaxıstan, Qırğızıstan, Latviya, Litva, Moldova, Polşa, Serbiya, Cənubi Afrika Respublikası, İspaniya, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistanı təmsil edən idmançılar mübarizə aparacaqlar.
Reqata mayın 1-2-də Mingəçevir “Kür” Olimpiya Tədris-İdman Mərkəzində davam edəcək. Burada komandalar avarçəkmənin kayak, kanoe və akademik növündə müxtəlif məsafələrdə güclərini yoxlayacaqlar.
Mayın 2-də Mingəçevirdə “Kür” Olimpiya Tədris-İdman Mərkəzinin qarşısında reqatanın bağlanış mərasimi keçiriləcək. Bağlanış mərasimində əvvəlcə qaliblər mükafatlandırılacaq. Kayak-kanoe və akademik avarçəkmə üzrə kuboklar sahiblərinə təqdim ediləcək. Daha sonra bağlanış mərasimi bədii hissə ilə davam edəcək. Bədii hissədə müxtəlif şou proqramlar, tanınmış rəqs qruplarının çıxışları və konsert proqramı tamaşaçılara əsl bayram ab-havası yaşadacaq. Reqataya hər zaman olduğu kimi atəşfəşanlıqla yekun vurulacaq.
Xatırladaq ki, “Prezident Kuboku” reqatası ardıcıl üçüncü ildir Avropa Kanoe Assosiasiyasının (ECA) rəsmi təqvim planına daxil edilib.