AVARÇƏKƏNLƏRİMİZ BEYNƏLXALQ TURNİRİN İLK GÜNÜNDƏ İKİ QIZIL MEDAL QAZANIB

Kayak və kanoe üzrə yeniyetmə və gənclərdən ibarət yığma komandamız Rusiyanın Barnaul şəhərində SSRİ İdman Ustası Konstantin Kostenkonun xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə iştirak edir.

Bu barədə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasından məlumat verilib.

Ona yaxın ölkədən olan idmançıların qatıldığı yarışda yığma komandamız böyük məşqçi Mirnazim Cavadovun rəhbərliyi ilə mübarizə aparır.

İlk yarış günü avarçəkənlərimiz üçün uğurlu nəticə ilə yadda qalıb. Bir nəfərlik kayak qayığında on beş yaşadək idmançılar arasında 1000 metr məsafəyə yarışda Əlimurad Hacızadə bütün rəqiblərini qabaqlamaqla fəxri kürsün ən yüksək pilləsinə qalxıb. Eyni yaş kateqoriyasında iki nəfərlik kayak qayığında 500 metr məsafəyə mübarizə də təmsilçilərimizin qələbəsilə başa çatıb – Əlimurad Hacızadə və Vacib Babayev dueti ən yaxşı nəticə ilə xatirə turnirinin qalibi olub.