“AUSTRALİAN OPEN” TURNİRİNDƏ 44 İLDƏN SONRA YERLİ TENNİSÇİ QALİB GƏLİB

Yanvarın 29-da “Böyük dəbilqə” seriyasından tennis üzrə qadınlar arasında “Australian Open-2022” turnirinin qalibi müəyyənləşib.
Turnirin həlledici görüşündə bir nömrəli raketka ustası avstraliyalı Eşli Barti və amerikalı Daniel Kollenz üz-üzə gəliblər. İki saatdan çox davam edən görüşdə avstraliyalı tennisçi qalib gəlib – 6:3, 7:6 (7:2).
Bununla da E.Barti 44 il sonra “Australian Open” turnirində qalib gələn ilk yerli tennisçidir. Sonuncu dəfə bu turnirdə qalib gələn avstraliyalı tennisçi Kris Oneil olub. O, 1978-ci ildə “Australian Open” turnirinin qalibi adını qazanıb.
İyirmi beş yaşlı E.Barti Qadın Tennis Assosiasiyasının (WTA) reytinqində birincidir. O, karyerası ərzində 15 titul qazanıb. Avstraliya açıq turnirindəki qələbə idmançının “Böyük dəbilqə” turnirlərində üçüncü uğurudur. İdmançı əvvəllər “Roland Qarros” (2019) və “Wimbledon” (2021) turnirlərində qalib gəlib.