AUDİOVİZUAL ŞURA “SPACE TV”YƏ XƏBƏRDARLIQ EDİB

Oktyabrın 9-da Azərbaycan Respublikası Audiovizual Şurasının onlayn formatda iclası keçirilib.

Bu barədə Audiovizual Şuradan məlumat verilib.

İclasda Şuranın Audiovizual proqramların monitorinqi və təhlili şöbəsinin mütəmadi həyata keçirdiyi monitorinq nəticəsində “Space TV”-nin efirində aşkarlanmış qanun pozuntusu faktı müzakirə olunub.

Belə ki, “Space Müstəqil Televiziya və Radio Şirkəti” MMC-nin “Space TV” televiziya redaksiyasının efirində 2023-cü il oktyabrın 4-də “Yaxşıya doğru” proqramının yayımı zamanı (saat 12:19-da) proqramın aparıcısı hüquq-mühafizə orqanları tərəfindən şübhəli şəxs qismində istintaqa cəlb edilmiş vətəndaş barədə “… cinayətkardır…” ifadəsini işlədib. Bununla da, “Media haqqında” Qanunun 14.1.14-cü maddəsinin tələbi (məhkəmənin qərarı olmadan şəxsin təqsirli olması barədə məlumatların dərc edilməsinə (yayımlanmasına) yol verilməməlidir) pozulub.

Aparılan müzakirələrdən sonra Azərbaycan Respublikası Audiovizual Şurası “Space Müstəqil Televiziya və Radio Şirkəti” MMC-yə bir daha belə halın təkrarlanacağı təqdirdə inzibati sanksiya tətbiq ediləcəyi ilə bağlı xəbərdarlıq edib.