ATTESTASİYANIN NƏTİCƏLƏRİ İLƏ BAĞLI MÜRACİƏTLƏR XÜSUSİ KOMİSSİYALAR TƏRƏFİNDƏN ARAŞDIRILIR

Mədəniyyət Nazirliyinin tabeliyindəki təhsil müəssisələrində çalışan müəllimlərin peşə səriştə və bacarıqlarının ölçülməsi məqsədilə attestasiyanı aparan komissiyaların fəaliyyətinə ciddi nəzarət edilir, onların verdikləri qərarlar təhlil olunur.

Nazirlikdən bildirilib ki, bu məqsədlə müvafiq əmrlə xüsusi komissiyalar yaradılıb.

Hazırda komissiyalar tərəfindən attestasiya ilə bağlı iradları olan təhsilverənlərin müraciətləri araşdırılır, qanunvericiliyə uyğun tədbir görülməsi istiqamətində addımlar atılır. Komissiyalar əhalinin sosial baxımdan həssas qruplarından olan vətəndaşların müraciətlərinə xüsusi diqqət yetirir.

Bakı şəhərində və Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin tabeliyindəki təhsil ocaqlarını əhatə edən attestasiya prosesi maksimum şəffaf və sahənin peşəkarlarından ibarət komissiyalar tərəfindən aparılıb.

Komissiyaların rəyinə əsasən, səriştə və bacarıqları tam yararsız kimi qiymətləndirilən müəllimlərin təhsil ocağı ilə bağlanmış əmək müqaviləsinə xitam verilib.

Qeyd edək ki, attestasiyadan minimal faizlə kəsilən müəllimlər üçün Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodik və İxtisasartırma Mərkəzində müvafiq kursların təşkili nəzərdə tutulur. Həmin müəllimlər müəyyən müddət ərzində ixtisasartırma kursu keçdikdən sonra imtahan verəcəklər. Attestasiyadan keçə bilməmiş müəllimlərin müvafiq sahələr üzrə işə qəbul imtahanlarında iştirak etmək hüquqları vardır.