“Paris-2024” Yay Olimpiya Oyunlarını işıqlandırmaq məqsədilə Fransaya ezam olunmuş azərbaycanlı jurnalistlər üçün idmançıların məskunlaşdığı Atletlər kəndinə mediatur təşkil edilib.
Media nümayəndələri kənddə Azərbaycan idmançılarının qaldığı məkanı ziyarət ediblər, orada yaradılan şəraitlə tanış olublar.
Atletlər kəndində binalar iştirakçı ölkələrin bayraqları və simvolları ilə bəzədilib. İki qardaş ölkə – Azərbaycan və Türkiyə idmançıları eyni binada qalırlar. Binanın üzərində hər iki ölkənin bayraqları asılıb. “Bir millət, iki dövlət” devizi Parisdə də özünü qabarıq şəkildə göstərir.
Atletlər kəndində Azərbaycan və Türkiyə idmançılarının birgə hazırlığı, şahidi olduğumuz qarşılıqlı dəstək və sonsuz hörmət də bunu təsdiqləyir. Təsadüfi deyil ki, Hidayət Heydərovun Olimpiya çempionu olduğu görüşü türkiyəli idmançı və məşqçilər də Azərbaycanın nümayəndə heyəti ilə birlikdə izləyiblər. Azərbaycan cüdoçusunun tarixi zəfəri böyük sevinc və qürur hissi ilə qeyd olunub.