ATƏT PA-NIN İCLASINDA AZƏRBAYCANDA KEÇİRİLMİŞ NÖVBƏDƏNKƏNAR PREZİDENT SEÇKİLƏRİNDƏN BƏHS EDİLİB

ATƏT Parlament Assambleyasının (ATƏT PA) 23-cü qış sessiyasının ikinci günü ATƏT məkanında keçirilmiş seçkilərlə bağlı çıxışlar dinlənilib.

Milli Məclisin deputatı, ATƏT PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Azay Quliyev komitələrin birgə iclasında ölkəmizdə keçirilmiş növbədənkənar prezident seçkiləri barədə çıxış edib.

Azay Quliyev, ilk növbədə, ATƏT PA rəsmilərinə Azərbaycanın dəvətindən sonra seçkiləri müşahidə etmək üçün missiyanın göndərilməsinə görə təşəkkürünü bildirib. O, seçkiləri müşahidə etmiş bütün beynəlxalq təşkilatların çıxardığı üç mühüm nəticəni diqqətə çatdıraraq deyib: “Bütün müşahidəçilər vurğulayıblar ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ilk dəfə olaraq ölkənin konstitusiya-hüquqi bazasına uyğun olaraq bütün ölkə ərazisində 125 seçki məntəqəsi, o cümlədən bu yaxınlarda işğaldan azad edilmiş ərazilərdə 26 seçki məntəqəsi olmaqla seçkilər keçirilib. Otuz ildən çoxdur ki, doğma yurdlarında səsvermə hüququndan məhrum olmuş minlərlə keçmiş məcburi köçkün nəhayət tamamilə yeni şəraitdə seçkilərdə iştirak edib”.

Diqqətə çatdırılıb ki, seçkilər qanunvericiliyə uyğun, nizam-intizamla və peşəkarlıqla keçirilib, milyonlarla Azərbaycan vətəndaşı ədalətli və şəffaf seçkilərdə öz konstitusion hüquqlarından istifadə edib. Seçkilərdə 76,43 faiz fəallığın qeydə alınması əhalinin seçki prosesinə etimadını nümayiş etdirir.

Xüsusi vurğulanıb ki, Prezident İlham Əliyev qalib Ali Baş Komandan kimi Azərbaycan xalqının böyük dəstəyini (səslərin 92,12 faizi) qazanıb. Bu inamlı qələbə həm də sosial, siyasi və iqtisadi siyasətin uğurla həyata keçirilməsini davam etdirmək üçün Azərbaycan xalqı tərəfindən ona güclü etimadın təzahürüdür.

Azay Quliyev yekunda Azərbaycanda seçkiləri müşahidə etmiş iştirakçı dövlətlərin nümayəndə heyətlərinə təşəkkürünü bildirib, bu ilin noyabrında Bakıda keçiriləcək COP29-da ATƏT PA-nın nümayəndə heyətlərini Azərbaycanda görməkdən məmnun olacağını ifadə edib.