Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdir müavini Svetlana Popova ATƏT-in 30-cu İqtisadi və Ətraf Mühit Forumunun I Hazırlıq Görüşündə (Vyana) Azərbaycanda aparılan sosial islahatlar barədə məlumat verib.
Nazirlikdən verilən məlumata görə, “COVID-19 pandemiyası zamanı dayanıqlı iqtisadi bərpa yolu ilə ATƏT məkanında təhlükəsizlik və sabitliyin təşviqi” mövzusunda keçirilən tədbirdə ölkəmizdə uğurla reallaşdırılan DOST Konsepsiyası barədə məlumat verilib.
Qeyd olunub ki, ötən dövrdə 700 mindən çox vətəndaşa xidmət göstərmiş DOST mərkəzlərində dövlət sosial xidmətləri “bir pəncərə”dən, operativ və şəffaf şəkildə təqdim olunur, bütün istifadəçilər üçün bu xidmətlərə əlçatanlıq və inklüzivlik təmin edilir.Artıq 5 DOST mərkəzi yaradılıb ki, 2 milyondan çox vətəndaşı öz xidmətləri ilə əhatə edir və 2025-ci ilə qədər bu xidmətlər bütün ölkəni əhatə edəcək.
Əmək, məşğulluq, sosial təminat və s. sahələrdə innovativ həllərin tətbiqi, rəqəmsal infrastruktur üzərindən proaktiv xidmətlərin yaradılması istiqamətində əldə olunan nailiyyətlər diqqətə çatdırılıb.
Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 175 xidmətindən 103-nün elektron qaydada, o cümlədən 44-nün proaktiv şəkildə həyata keçirildiyi qeyd edilib.
Tədbirdə ölkəmizdəki sosial islahatlara dair təqdim olunan məlumatlar iştirakçılar tərəfindən maraqla qarşılanıb.