ASTROSEMİNARDA QRAVİTASİYA DALĞALARININ YARANMASINDAN DANIŞILIB

Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar keçirilib.

Bu barədə rəsədxanadan məlumat verilib.

Seminarda rəsədxananın Qalaktikalar və ulduzəmələgəlmə prosesləri şöbəsinin elmi işçisi Zümrüd Vidadi “Qravitasiya Dalğa Astronomiyası. Son 50 ilin ən böyük qamma-şüa alışması” mövzusunda məruzə ilə çıxış edib.

Z.Vidadi Qravitasiya Dalğa Astronomiyasının əsasını təşkil edən qravitasiya dalğalarının yaranmasından danışıb. O, həmçinin qravitasiya dalğalarının hansı cihazlar vasitəsilə və necə aşkar olunması, o cümlədən digər yerüstü teleskoplarının bu sahəyə verə biləcəyi töhfələrdən bəhs edib.

Sonra müzakirələr aparılıb, suallar cavablandırılıb.

Tədqiq olunan mövzu üzrə məruzəçinin həmmüəllifi olduğu “GRB 221009A-nın GRANDMA və HXMT müşahidələri: Yüksək parlaqlıqlı Qamma şüa alışmasının standart işıqlıq parıltısı” adlı məqalə Amerika Astronomiya Cəmiyyətinin yüksək impakt faktorlu “The Astrophysical Journal Letters” jurnalında yer alıb.