
2027-ci il avqustun 2-də bütün dünyanın altı dəqiqəyə qaralacağı, daha yüz il belə bir hadisənin təkrar olunmayacağı ilə bağlı şayiələr yayılıb. “Space” portalı xəbər verir ki, bu fərziyyə real və diqqətəlayiq astronomik hadisəyə əsaslanır.
Astronomlar bildirirlər ki, həmin gün tam Günəş tutulması baş verəcək. Onların fikrincə, bu, XXI əsrin quruda görünən ən uzunmüddətli Günəş tutulması olacaq. Ay 6 dəqiqə 22 saniyəyə qədər Günəşin qarşısını tam kəsəcək. Müqayisə üçün qeyd edək ki, 2024-cü ilin aprelində baş verən tam tutulma maksimum 4 dəqiqə 28 saniyə davam edib.
2027-ci ilin Günəş tutulması 11 ölkədən – İspaniya, Cəbəllütariq, Mərakeş, Əlcəzair, Tunis, Liviya, Misir, Sudan, Səudiyyə Ərəbistanı, Yəmən və Somalidən keçərək təxminən 258 kilometr enində dar bir yolda görünəcək. Qismən tutulma Afrika, Cənubi Asiya və Avropanın əksər hissəsində müşahidə olunacaq. Digər rayonlarda gün işığında nəzərəçarpacaq dəyişiklik olmayacaq.
Mütəxəssislər tam tutulmanın şahidi olmaq istəyənlərə əvvəlcədən müşahidə yerini seçməyi və yerli hava şəraitini yaxından izləməyi tövsiyə edir.