ASTANADA AZƏRBAYCAN MƏDƏNİYYƏT GÜNLƏRİ: ZƏNGİN PROQRAM VƏ MÜHÜM TƏDBİRLƏR

Qazaxıstanın paytaxtı Astanada Azərbaycan Mədəniyyəti Günləri keçirilir.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə sentyabrın 24-də Qazaxıstan Respublikasının Milli Akademik Kitabxanasında “Füzuli – 530 beyt” kitabının təqdimatı və “Füzuli – 530” adlı ədəbi-poetik məclis keçiriləcək.

Həmin gün K.Kuanışbayev adına Qazax Milli Musiqili Dram Teatrında etno-caz konserti təqdim olunacaq.

Sentyabrın 25-də Qazaxıstan Respublikasının Milli Akademik Kitabxanasında üç mühüm tədbir keçiriləcək: Azərbaycan Milli Kitabxanası ilə əməkdaşlıq memorandumu imzalanacaq, “Azərbaycan ədəbiyyatı guşəsi” açılacaq və Azərbaycanın Xalq yazıçısı Elmira Axundovanın “Zərifə və Heydər Əliyevlər. Əbədi məhəbbətin tarixçəsi” kitabının təqdimatı olacaq.

Bundan əlavə, Astananın Sülh və Razılıq Sarayında “Azərbaycanın sənət inciləri” adlı sərgi təşkil olunacaq və həmin sarayda Azərbaycan Dövlət Rəqs Ansamblının konserti keçiriləcək.

Sentyabrın 26-da saat Qazaxıstan Respublikasının Milli Muzeyində Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Şirin Məlikovanın “1920-1980-ci illərdə Azərbaycanda rəngkarlıq və qrafika”, Azərbaycan Mədəniyyət Nazirliyi İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin müdiri Sevil Kərimovanın “Təbriz məktəbi miniatürü”, Azərbaycan Milli Xalça Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Əminə Məlikovanın “Azərbaycan Milli Xalça Muzeyi. Müasir məkanda qədim incəsənət” mövzularında mühazirələri dinləniləcək.

Əlavə olaraq, K.Kuanışbayev adına Qazax Milli Musiqili Dram Teatrında Azərbaycan incəsənət ustaları və bədii kollektivlərinin iştirakı ilə qala konsert keçiriləcək.

Xatırladaq ki, Mədəniyyət Günləri münasibətilə sentyabrın 23-də Azərbaycanın incəsənət ustaları, bədii kollektivləri, yazıçıları və media nümayəndələri Astanaya səfər ediblər.