AŞPA-NIN QIŞ SESSİYASI HİBRİD FORMATDA İŞƏ BAŞLAYIB

Fransanın Strasburq şəhərində Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyası hibrid formatda işə başlayıb.
Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvləri qış sessiyasında iştirak edirlər. Sessiyanın açılışında AŞPA-nın yeni prezidenti seçiləcək. Sessiya çərçivəsində Yunanıstan Prezidenti Katerina Sakellaropulunun çıxışı, Avropa Şurası Nazirlər Komitəsinə İtaliyanın sədrliyi ilə fikir mübadiləsinin aparılacağı nəzərdə tutulur. Həmçinin Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç-Buriçin hesabatı dinləniləcək.
AŞPA-nın qış sessiyasının gündəliyində insan hüquqları nöqteyi-nəzərindən miqrasiya və sığınacaq üzrə Avropa İttifaqı Paktı, demokratiyada iştirak sahəsində uşaq hüquqları, iqlim dəyişikliyi ilə bağlı fəaliyyət, Avropa Şurası ərazisində məcburi itkin düşmələr, böhran dövründə medianın rolu və digər məsələlər də yer alıb.
Avropada cinsi azlıqlara qarşı nifrətin artmasına və Cənubi Qafqazda onların hüquqlarının pozulmasına qarşı mübarizə, futbol idarəçiliyi – biznes və dəyərlərə dair FİFA prezidenti Covanni İnfantinonun çıxışı da sessiyanın gündəliyində diqqətçəkən məqamlardandır.
AŞPA-da yanvarın 27-də Holokost qurbanlarının xatirəsinə həsr edilmiş Beynəlxalq Gün qeyd olunacaq. Tədbirdən sonra Avropada Tarixin Tədrisi Observatoriyası ilə bağlı müzakirələrin aparılması gözlənilir.
AŞPA sessiyasının açılışında yekun gündəlik səsverməyə qoyularaq təsdiqlənəcək. Qış sessiyası yanvarın 28-dək davam edəcək.