Müəyyən güclərin əlində başqa ölkələrin daxili işlərinə müdaxilə etmək, onlara təzyiq göstərmək məqsədilə istifadə edilən Avropa Şurası Parlament Assambleyasının (AŞPA) bu müstəvidə fəaliyyəti qurumu artıq beynəlxalq müstəvidə ciddi nüfuz zərbəsinə məruz qoyub. Buna paralel şəkildə belə bir fikir hakimdir ki, indiki gedişlə AŞPA-nın, ümumiyyətlə isə Avropa Şurasının ömrünü sona vurması qaçılmaz olacaq. Məsələ burasındadır ki, 46 ölkəni öz sıralarına cəlb edən Avropa Şurası, xüsusən də onun Parlament Assambleyası bu gün deqradasiya dövrünü yaşamaqda, qarşıya qoyulan məqsədlərdən çox uzaq düşməkdədir. Elə bu səbəbdəndir ki, sözügedən quruma istər üzv ölkələrin, istərsə də ümumi beynəlxalq ictimaiyyətin etimadı əhəmiyyətli dərəcədə sarsılıb.
1949-cu ilin mayında yaradılan Avropa Şurası bir vaxtlar dünyada aparıcı institutlarından hesab olunurdu, insan hüquqlarının, demokratiyanın və qanunun aliliyi prinsipinin qorunması onun başlıca məqsədi kimi qəbul edilirdi. Lakin son illərin real mənzərəsi Avropa Şurasının əvvəlki imicindən, missiyasından əsər-əlamət qalmadığını göstərir. Bunu şərtləndirən başlıca səbəblər Avropa Şurasında, əsasən də AŞPA-da ikili standartların artıq adi xarakter daşıması, müəyyən qüvvələrin əlində məkrli məqsədlərin həyata keçirilməsində vasitəyə çevrilməsi, hədəf olaraq seçilən ölkələrin daxili işlərinə açıq müdaxilə cəhdləridir.
Yuxarıda qeyd olunanlar Azərbaycan cəmiyyətinə yaxşı tanışdır. AŞPA Azərbaycanın daxili işlərinə müdaxilə etməyə, ölkəmizə təzyiq göstərməyə dəfələrlə çalışıb, ancaq hər dəfə də daha böyük müqavimətlə üzləşib. Qurumun ötən il keçirilən qış sessiyasında isə Azərbaycan nümayəndə heyətinin AŞPA-da səlahiyyətlərinin məhdudlaşdırılmasına cəhd olundu, bunun üçün əsas olaraq göstərilən iddialar bir daha ikili standartların bariz nümunəsi oldu. Buna etiraz olaraq, Azərbaycan nümayəndə heyəti AŞPA-da fəaliyyətini dayandırdığını açıqladı. AŞPA yol verdiyi yanlışlıqları aradan qaldırmayana qədər Azərbaycan nümayəndə heyəti ora dönməyi planlaşdırmır. Ümumiyyətlə, ölkəmizlə münasibətdə qərəzli davranışını dəyişməyəcəyi təqdirdə Azərbaycan Avropa Şurasının sıralarını tərk edə biləcəyini açıq şəkildə bəyan edir.
Xatırlatmaq lazım gəlir ki, ötən ilin fevralında Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonq ilə görüşündə Prezident İlham Əliyev ölkəmizin mövqeyini konkret şəkildə diqqətə çatdırıb. Azərbaycan nümayəndə heyətinin hüquqlarının bərpa edilməli olduğunu deyən Prezident İlham Əliyev vurğulayıb ki, nümayəndə heyətimizin hüquqları bərpa olunmayacağı təqdirdə, Azərbaycan tərəfindən də Avropa Şurası və Avropa İnsan Haqları Məhkəməsində iştirak məsələsinə yenidən baxılacaq. Buna görə məsuliyyət daşıyan tərəf məhz Avropa Şurasının özü, o cümlədən də onun anti-Azərbaycan sifarişlərinin icrası ilə məşğul olan Parlament Assambleyasının bəzi üzvləridir.
Hazırda görünən odur ki, AŞPA-da yol verilən səhvlərin aradan qaldırılması əvəzinə, getdikcə daha böyük xətalara yol verilir. Bunu qonşu Gürcüstana münasibətdə bir daha görmək olar. Gürcüstanla bağlı AŞPA-da budəfəki qış sessiyasında qəbul olunan qətnamə faktiki olaraq, qonşu ölkənin daxili işlərinə açıq müdaxilə cəhdindən, gürcü xalqının iradəsini rədd etməkdən başqa bir şey deyil. Yeni qətnamədə Gürcüstan hakimiyyətindən AŞPA-nın nəzarəti altında təcili növbədənkənar parlament seçkilərinin keçirilməsi, “Xarici təsirin şəffaflığı haqqında” qanunun geri çəkilməsi, digər belə absurd tələblərin icrası tələb olunur. O da vurğulanır ki, hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyası qeyd edilən tələbləri cari ilin aprel ayına qədər yerinə yetirməlidir. Həmin vaxtadək Gürcüstan nümayəndə heyətinin səlahiyyətlərinin məhdudlaşdırılması nəzərdə tutulur. Qətnamənin lehinə 114 deputat səs verib. Bu absurd sənədin əleyhinə çıxan AŞPA-dakı Macarıstan nümayəndə heyətinin üzvü Nemeth Zsolt bildirib: “Üzv dövlətləri itirmək AŞPA-nın maraqlarına cavab vermir. Gürcüstanın nümayəndə heyətinin qurumdakı iştirakını məhdudlaşdırırıq. AŞPA apardığı siyasətə yenidən baxmalıdır. Bundan əvvəl də Azərbaycanın nümayəndə heyəti qurumdan uzaqlaşdırıldı. Bu, yanlış verilmiş bir qərar idi. Biz üzv dövlətləri itirmək əvəzinə onlarla danışıqları davam etdirməliyik”.
Düzdür, AŞPA sessiyada Gürcüstan parlamentinin nümayəndə heyətinin səlahiyyətlərini təsdiqləyib. Ancaq Gürcüstan qarşısında absurd tələblərin irəli sürülməsi ilə gürcü nümayəndə heyəti razılaşmayıb və AŞPA-da fəaliyyətini dayandırıb. Gürcüstanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Tea Tsulukiani Strasburqda keçirdiyi brifinqdə bununla bağlı qeyd edib: “Səlahiyyətlərimizin təsdiqlənməsinə baxmayaraq, Avropa Şurası Parlament Assambleyasında fəaliyyətimizi dayandırırıq. Gürcüstan hakimiyyətinin əleyhdarları gürcü nümayəndə heyətinin etimadnaməsinin AŞPA-da ümumiyyətlə, tanınmamasını istəyirdilər, bununla belə qurum etimadnamələri tanıyıb, lakin müəyyən şərtlərlə. Bunlardan biri də yeni parlament seçkilərinin keçirilməsi olub. Bütün qeyd olunanları nəzərə alaraq, biz, Gürcüstan parlamentinin nümayəndə heyətinin üzvləri, Strasburq və Tiflisdə müzakirələr apardıq və “Gürcü Arzusu” komandasının ümumi qərarı ilə, səlahiyyətlərimizin təsdiq olunmasına baxmayaraq, Parlament Assambleyasında işi dayandırırıq”.
Tsulukiani həmçinin qeyd edib ki, Gürcüstan nümayəndə heyəti ölkəyə və xalqa qarşı şantaj dayandırıldıqdan sonra AŞPA-da fəaliyyətini bərpa edəcək: “Nümayəndə heyətinin etimadnaməsi ilə bağlı qeyd-şərtlər seçicilərin əksəriyyətinə və “Gürcü Arzusu” ictimaiyyətinə xəyanət etməyə bərabər olardı. Gürcüstan təbii ki, bir dövlət kimi Avropa Şurasının üzvü olaraq qalır. Ancaq bizim parlament nümayəndə heyətimizin üzvləri Parlament Assambleyasında iştirakını yalnız o zaman bərpa edəcəklər ki, gürcü dövlətinə və xalqına qarşı ədalətsiz münasibət dəyişəcək, şantajlara son qoyulacaq, rəsmi və qeyri-rəsmi bütün qərar qəbul edənlər, onların arxasında duran qüvvələr yaxşı anlayacaqlar ki, bu cür təzyiqlər Gürcüstanı və onun əhalisinin seçdiyi hökuməti heç bir anti-gürcü addım atmağa məcbur etməyəcək”.
Gürcüstanın baş naziri İrakli Kobaxidze də AŞPA-nın ölkədə yeni parlament seçkiləri keçirməyə çağıran qətnaməsini absurd hal kimi qiymətləndirib: “Bu qərar Avropa bürokratiyasının kifayət qədər çətin vəziyyətdə olduğunu göstərir. Bu, həm Brüsselə, həm də Strasburqa aiddir”. Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili bildirib ki, AŞPA-nın üzvləri Assambleyanı siyasi alətə çevirmək cəhdlərini dəstəkləməməli və bunun Assambleyanın özünə zərər verəcəyini anlamalıdırlar.“Gürcü Arzusu” partiyasının baş katibi Kaxa Kaladze isə qeyd edir ki, Gürcüstan şantaj və ultimatum dilini qəbul etməyəcək, ancaq Qərbdən gələn tərəfdaşlıq və dostluq münasibətlərini qəbul edəcək: “Biz şantaj dilini və ya ultimatumları qəbul etmirik, biz yalnız dostluq, tərəfdaşlıq istəyirik və bu cür hərəkətlər və bəyanatlar qətiyyən yolverilməzdir”. Lakin görünən odur ki, AŞPA-da şantaj və ultimatumlarla başqa ölkələrin daxili işlərinə müdaxilə oluna biləcəyini düşünənlərin sayı az deyil. Bu da öz növbəsində ümumən Avropa Şurasına ciddi zərər vurur, üzv dövlətlərin sayının azalmasına gətirib çıxarır. Nəticədə belə gedişlə Avropa Şurasının bir qurum kimi fəaliyyətinin sona çatması da qaçılmaz görünür.
MTM Analitik Qrup