ARGENTİNANIN MİLLİ VALYUTASI 50 FAİZ DEVALVASİYA EDİLİB

Argentina hökuməti milli valyutanı 50 faiz devalvasiya edib və ölkənin yeni prezidenti Xavyer Mileyin “şok terapiyası” proqramının ilk addımı kimi dövlət xərclərinin əhəmiyyətli dərəcədə azaldılacağını bildirib.

Argentinanın iqtisadiyyat naziri Luis Kaputo televiziya ilə çıxışında dollara görə pesonun dəyərinin 400-dən 800-ə endiriləcəyini deyib. Mərkəzi Bank isə gələcəkdə milli valyutanı hər ay 2 faiz devalvasiya etməyi planlaşdırır.

Luis Kaputo Nazirlər Kabinetinin bütün hökumət layihələri üçün tenderləri ləğv edəcəyini, dövlət sektorunda iş yerlərinin ixtisar olunacağını, nəqliyyat və enerji subsidiyalarının azaldılacağını və pensiyaların indeksləşdirilməsi prosesinin dayandırılacağını bildirib. Onun sözlərinə görə, bu tədbirlər Argentinanın büdcə kəsirini azaltmaq üçün zəruridir.

Prezident Xavyer Miley isə öz növbəsində yaxın bir neçə ay ərzində Argentinada iqtisadi vəziyyətin daha da ağırlaşacağını və alternativ tədbirləri nəzərdən keçirməyə vaxtın olmadığını vurğulayıb.

Qeyd edək ki, Argentinada inflyasiya illik ifadədə 140 faizi ötür və pesonun məzənnəsi uzun müddətdir zəifləyir. Eyni zamanda, ölkənin böyük büdcə və xarici ticarət kəsiri mövcuddur. Buenos-Ayresin Beynəlxalq Valyuta Fonduna 45 milyard dollar borcu yaranıb. Ölkə gələn ilin aprel ayınadək 10,6 milyard dollar borc ödəməlidir.