ARALIQ DƏNİZİ ÖLKƏLƏRİNDƏ 40-DAN ÇOX İNSAN MEŞƏ YANĞINININ QURBANI OLUB

Aralıq dənizi ölkələrində meşə yanğınları 40-dan çox insanın həyatına son qoyub.

Yunanıstan adalarında, o cümlədən Rodosda yanğınsöndürənlər alovla mübarizəni davam etdirirlər. Təbiət yanğınları ilə əlaqədar ada ərazisində fövqəladə vəziyyət rejimi elan edilib.

Son bir neçə gündə İtaliyada altı nəfər meşə yanğınlarının qurbanı olub. Ən mürəkkəb vəziyyət Siciliya adasında yaranıb. İyulun 24-də orada havanın hərarəti 47,4 dərəcəyə yüksəlib. İtaliyanın Baş naziri Corca Meloni zərərçəkənlərə yardım üçün hökumətin bütün mümkün imkanlarından istifadə edəcəyini bildirib.

Aralıq dənizi sahillərində yerləşən Afrika ölkələri də təbiət yanğınlarından əziyyət çəkir. Əlcəzairdə təbii fəlakət 34 nəfərin həyatına son qoyub. Bir neçə gündür ki, havanın temperaturunun 49 dərəcədən aşağı düşmədiyi Tunisdə meşə yanğınları səbəbindən yüzlərlə insan təxliyə olunub.