Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə istehsal olunan və ölkəyə idxal olunan sularla bağlı vətəndaşlara müraciət edib.
Agentlikdən bildirilib ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi qida zəncirinin bütün mərhələlərində dövlət nəzarəti və tənzimləməni həyata keçirir.
Agentlik tərəfindən ölkədə istehsal olunan və ölkəyə idxal olunan qida məhsulları, eləcə də istehlak üçün qablaşdırılmış sular, qazlı-şəkərli içkilər, meyvə şirələri və s. üzərində risk əsaslı nəzarət tədbirləri həyata keçirilir. Məhsullar gömrük ərazisinə daxil olunduqdan sonra daşıdığı risk səviyyəsinə uyğun olaraq ekspertizadan keçirilir. Ölkəyə idxal edilən məhsullardan Agentliyin müfəttişləri tərəfindən nümunələr götürülərək, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarında müayinələrə cəlb edilir. Sınaq nəticələri normalara uyğun olduğu təqdirdə məhsul partiyaları qida təhlükəsizliyi sertifikatı ilə təmin edilir. Sınaq nəticələri normalara uyğun olmayan məhsulların geri qaytarılması, təyinatının dəyişdirilməsi və ya məhv edilməsi barədə qərar qəbul edilir”.
Bununla yanaşı, məhsulların təhlükəsizliyi və ya keyfiyyəti ilə bağlı konkret faktlara əsaslanan müraciətlər daxil olduqda Agentlik tərəfindən plandankənar (növbədənkənar) yoxlamalar aparılır və adıçəkilən məhsul laborator müayinələrə cəlb olunur. Agentlik tərəfindən keçirilən yoxlama nəzarət tədbirləri zamanı qanunvericiliyin tələblərinin pozulması halları aşkarlandığı təqdirdə qanuna müvafiq tədbirlər görülür.
Vətəndaşlar qida təhlükəsizliyi sahəsində istehlakçı hüquqlarının pozulması və qanunazidd hallarla rastlaşdıqda, bu barədə “1003 − Çağrı Mərkəzi”nə məlumat verə bilərlər. Müraciət daxil olduqdan dərhal sonra araşdırmalara başlanılacaq və qanunvericiliyə uyğun müvafiq tədbirlər görüləcəkdir.