Nazirlər Kabineti “Aqrarkredit” QSC bank olmayan kredit təşkilatının (BOKT) “Azərbaycan Beynəlxalq Bankı” (ABB) ASC-dən aldığı problemli aktivlərin əvəzində mövcud qanunvericiliyə uyğun olaraq əldə edilmiş, balans dəyəri 1 milyon manatdan çox olan əmlakların, yerli və xarici aktivlərin və yaxud onlar üzrə borcların tələb hüquqlarının satılması və kənar idarəçilərə idarəetməyə verilməsi üzrə Müsabiqə Komissiyasının yaradılması barədə qərar qəbul edib.
Bununla bağlı qərarı Baş nazir Əli Əsədov imzalayıb.
Qərara əsasən, Komissiyaya maliyyə nazirinin müavini Azər Bayramov rəhbərlik edəcək. Komissiyanın üzvləri isə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyindəki Hərracların Təşkili Mərkəzinin İdarə Heyəti sədrinin müavini, sədr vəzifəsini icra edən Malik Vəliyev, Kənd Təsərrüfatı Nazirliyinin maliyyə və təminat şöbəsi müdirinin müavini Emil Məmmədov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Strateji planlaşdırma və innovasiyalar şöbəsi müdirinin müavini Rəşad Zalov, Azərbaycan Mərkəzi Bankının Təhlükəsizlik Departamentinin problemli aktivlərlə iş şöbəsinin rəisi Natiq Quliyevdir.
Müsabiqə Komissiyası Nazirlər Kabinetinin qərarı ilə ləğv edilə bilər. Komissiya ləğv edildikdən sonra onun fəaliyyəti ilə bağlı sənədlər qanunvericiliklə müəyyən olunmuş qaydada Dövlət Arxivinə təhvil veriləcək.
Qərarla həmçinin “Problemli aktivlərin (əmlakların) və onlar üzrə tələb hüquqlarının satılması, idarəetməyə verilməsi və iştirak payı kimi qoyulması üzrə Müsabiqə Komissiyasının fəaliyyət qaydası” təsdiq edilib.