Hələ Azərbaycan ordusunun yaradılmasının 100 illiyi ilə əlaqədar 2018-ci ildə keçirilən hərbi paradda dövlət başçısı demişdi ki, “Ermənistan bizimlə heç cür rəqabət apara bilmir və bilməyəcək. Tarixi ədalət bizim tərəfimizdədir, beynəlxalq hüquq bizim tərəfimizdədir, iqtisadi güc bizdədir, hərbi güc bizdədir, vətənpərvərlik ruhu bizdədir. Aprel qələbələri, Naxçıvan qələbələri bir daha ordumuzun, xalqımızın vətənpərvərlik ruhunu möhkəmləndirir, bir daha Azərbaycan xalqını əmin edir ki, o, tam arxayın ola bilər, Azərbaycan Ordusu istənilən vəzifəni icra etməyə qadirdir və buna hazırdır”. 2019-cu il oktyabrın 3-də isə Prezident İlham Əliyev Rusiyada keçirilən Valday sammitində Ermənistan baş nazirinin regionda yeni siyasi dinamit rolunu oynayan, nizamlama prosesinə ciddi zərbə vuran, Ermənistanın bugünkü rəzil və rüsvayçı vəziyyətinə gətirib çıxaran “Qarabağ Ermənistandır və nöqtə” bəyanatına cavabında bildirdi ki, “Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi”.
2020-ci ildə Azərbaycan30 il davam edən mənasız danışıqlara son qoyaraq öz torpaqlarını işğaldan azad etdi. 44 gün davam edən və Ermənistanın kapitulyası ilə nəticələnən Vətən müharibəsində Azərbaycan yüksək dövlət əxlaqı və əsgər ləyaqəti nümayiş etdirdi. Vətən müharibəsi ilə Azərbaycanın ərazi bütövlüyü, üç il sonra isə torpaqlarımız üzərində dövlət suverenliyimiz bərqərar olundu. Azərbaycan Ordusu Qarabağı işğaldan azad etməklə ədaləti və beynəlxalq hüququ bərpa etdi. Bütün dünya gördü ki, Azərbaycan xalqı böyük xalqıdır və biz Qarabağı unutmamışıq.
Azərbaycan təkcə Ermənistanla və dünya erməniliyi ilə yox, həm də Ermənistanın himayədarları ilə də müharibə apardı və Qələbə qazandı. Azərbaycanın əldə etdiyi parlaq Qələbə ilə regionda erməni faşizminə son qoyuldu, bu təhlükənin təməlini qoyan mənfur ssenarilər məhv edildi. Azərbaycan regionda və dünyada yeni reallıq yaratdı və bu reallıqla indi hamı hesablaşır.
Prezident İlham Əliyev bu Qələbə ilə xalqımızın ümummilli lideri Heydər Əliyevin arzularını da həyata keçirdi, Şuşanın azad olunması ilə Ata vəsiyyətini yerinə yetirdi. Dövlət başçısı yadların əli ilə qəlibləşmiş tarixin axarını dəyişdi, Azərbaycan tarixini yenidən yazdı. O, təkcə torpağı yox, həm də 200 illik tariximizi işğaldan qurtardı, Azərbaycan xalqını bu tarixin əsas qəhramanına çevirdi. İndi iş o yerə gəlib çatıb ki, köhnə müttəfiqlər bir-birinin üzünə durur, bir-birini təhqir edir. Bu reallığı isə Prezident İlham Əliyevin müstəqilliyin övladlarından qurduğu şanlı ordunun parlaq qələbəsi təmin edib. Artıq Qarabağın statusu ilə bağlı iddialara son qoyulub, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyıb, bununla da regionda münaqişə ocağının qalmasına əbədi ümidlə baxan dairələrin ambisiyalarına son qoyulub.
Prezident İlham Əliyev Cənubi Qafqazı Ermənistanın mənfur ideoloji təhdidlərindən xilas edib, onların itirilmiş reallıq hissini yerinə qaytarıb. Artıq regionun güc balansında əvvəlki hökmran və təkəbbürlü davranışlar keçmir, köhnə təxribat ssenariləri işə yaramır, bütün məsələləri Azərbaycan dövlətinin iradəsi həll edir. Ona görə də dünya Vətən müharibəsinin gedişində Azərbaycanı, onun liderini yenidən kəşf etdi, ölkəmiz haqqında, onun malik olduğu güc barədə beynəlxalq birlikdə dəqiq təsəvvür formalaşdı. Onlar gördülər ki, müstəqillik dövründə inanılmaz dərəcədə güclənən Azərbaycanla heç bir halda təhdid dilində danışmaq olmaz. Çünki onun xalqın maraqlarını bütün dəyərlərdən üstün tutan, ölkənin bütün potensialını Vətən naminə səfərbər edən Lideri var və Xalq-Lider vəhdəti Azərbaycanın xoşbəxt gələcəyinin qarantıdır.
Vətən müharibəsində qazanılan Qələbə Azərbaycanın siyasi, iqtisadi və hərbi gücünü üzə çıxardı. Bu qələbə milli həmrəyliyi Azərbaycan xalqının həyat tərzinə çevirdi. Xalqın mədəni-mənəvi bütövlüyü ən ali mərtəbəyə yüksəldi. Azərbaycan xalqının Qalib xalq obrazı yarandı. Bu uğurların istisnasız müəllifi Prezident İlham Əliyevdir.
Artıq həyatımızda yeni dövr başlayıb. Bu dövrün özəllikləri var. Biz Azərbaycanın beynəlxalq münasibətlərdə yürütdüyü siyasətin yeni konturlarını görürürk. İkitərəfli və çoxtərəfli əlaqələrdə yeni əməkdaşlıq parametrləri müşahidə olunur. Bu dövr bir xalq kimi qarşımızda yeni hədəflər, yeni vəzifələr qoyur. Əsas vəzifə təbii ki, Ermənistanın 30 il ərzində dağıtdığı, taladığı şəhərlərimizi, kəndlərimizi yenidən qurmaq, uzun illər yurd həsrəti ilə yaşayan insanlarımızı doğma torpaqlarına qaytarmaqdır. Artıq proses başlayıb, yüzlərlə ailə öz yurdlarına qayıdıb. İndi azad edilmiş ərazilərdə böyük quruculuq işləri gedir, işğalın ağır nəticələri aradan qaldırılır, kəndlər, şəhərlər yenidən dirçəlir, Prezident Qarabağı cənnətə çevirir.
İnsanlar doğulduqları yerə getməyəndə enerji ala bilmir. Ona görə də torpağa qayıdış yenilik deməkdir. İndi ruhumuzun yenilənməsi prosesi gedir və biz bu tarixi prosesin şahidləriyik. Bundan sonra Azərbaycan xalqı öz torpaqlarında əbədi yaşayacaq, insanlarımız ayaqlarını torpağa daha möhkəm basacaq və heç kim bizi bir də bu torpaqlardan çıxara bilməz. Bu gün hamımızda bütöv Vətən anlayışı formalaşır. Düzdür, bizim əvvəllər də Vətən haqqında təsəvvürlərimiz olub. Amma bu Qələbə ilə həmin dəyərlər artıq başqa məna və mahiyyət kəsb etməyə başlayıb. Bu gün biz hər tərəfə Şuşa zirvəsindən baxırıq. O zirvədə sərhəd yoxdur, oradan bütün Azərbaycan görünür!