ANTİİNHİSAR VƏ İSTEHLAK BAZARINA NƏZARƏT DÖVLƏT XİDMƏTİ “IMAGİNE DRAGONS”-UN KONSERTİ ÜÇÜN ÖDƏNİLƏN SERVİS HAQQININ QAYTARILMASI MƏSƏLƏSİNƏ AYDINLIQ GƏTİRİB

Bakıda «Crystal Hall»da baş tutmalı olan «Imagine Dragons»un konserti üçün insanlar bilet alıb, əlavə olaraq 10 faiz servis haqqı ödəyiblər. Konsertin yeri dəyişdirilib və indi bu biletlər etibarlı deyil. Köhnə biletlər isə yalnız geri qaytarıla bilər, lakin servis haqqı (10%) geri qaytarılmayacaq. Bu nə dərəcədə qanunidir və bilet alan vətəndaşlar həmin 10%-i geri qaytarmaq üçün nə etməlidirlər?

Məsələ ilə bağlı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti bildirir ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” AR Qanununun 13-cü maddəsinə əsasən, icraçı istehlakçını maraqlandıran işin, xidmətin qiyməti haqqında zəruri və düzgün məlumat verməlidir. Satılan mal barəsində yanlış və ya kifayət qədər dolğun olmayan məlumatın təqdim edilməsi istehlakçının lazımi xassələrə malik olmayan malı (işi, xidməti) almasına səbəb olubsa, onun müqaviləni ləğv etmək və itkilərin ödənilməsini tələb etmək hüququ vardır.

Bu mənada servis haqqı da xidmətin ümumi qiymətinə daxil olduğundan istehlakçıya geri qaytarılmalıdır.
İstehlakçının tələbləri icraçı tərəfindən yerinə yetirilmədiyi təqdirdə o, qanunvericiliyin pozulması və hüquqlarının müdafiəsi məqsədilə müraciətini Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə rəsmi internet səhifəsi (https://competition.gov.az/az/page/muraciet/erize-sikayet-teklif), elektron poçt (office@competition.gov.az) və ya 195-1 Çağrı Mərkəzi vasitəsilə müraciət edə bilər, həmçinin aidiyyəti üzrə məhkəməyə müraciət edə bilər.