
Avropa Parlamentinin Azərbaycana münasibətdə nümayiş etdirdiyi və daim qərəzlə, ikili standartlarla müşayiət edilən mövqe qurumun özünün də mənafeyi ilə ciddi ziddiyyət təşkil edir. Lakin bu reallığa rəğmən, Avropa Parlamenti hələ də anti-Azərbaycan siyasətindən əl çəkmir, ölkəmiz əleyhinə olan qüvvələr, o cümlədən erməni lobbisinin, diasporunun təsiri altında nüfuz və mənafeyini zərbə altında qoymaqda davam edir. Avropa Parlamentinin qəbul etdiyi əsassız qətnamələrdə, səsləndirdiyi bəyanatlarda və bəzi deputatların açıq mövqelərində bu hal özünü hər zaman qabarıq şəkildə göstərir. Bütün bunlar Azərbaycanın daxili işlərinə müdaxilə, ölkənin suverenliyinə və ərazi bütövlüyünə hörmətsizlik, eləcə də regiondakı reallıqların təhrif olunmasından başqa bir şey deyil. Qurumun dekabrın 18-də qəbul etdiyi qətnamə bunun növbəti təzahürü oldu. Başdan ayağa yalan, iftira üzərində qurulan qətnamə qərəzli yanaşmaya əsaslanır, konkret cinayətləri sübuta yetrilmiş şəxslər siyasi məhbus qismində təqdim edilir. Avropa Parlamenti konkret faktlara söykənmək əvəzinə, birtərəfli, qərəzli mənbələrdən istifadə edir, bəzən təxəyyülü belə əl atır, uydurma faktlardan yararlanır, Azərbaycanın milli maraqlarına, eləcə də regional təhlükəsizlik məsələlərinə xələl gətirməyə can atır. Elə əvvəlki qətnamələrdə, digər sənədlərdə də bu hal özünü açıq formada büruzə verib. Xüsusilə 2020-ci ildə Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsindən sonra Avropa Parlamentinin mövqeyində daha açıq qərəz müşahidə olunur. Ermənistanın 30 ilə yaxın davam edən işğal siyasəti dövründə Avropa Parlamentinin beynəlxalq hüquqa uyğun prinsipial mövqe nümayiş etdirməməsi, lakin Azərbaycanın elə beynəlxalq hüquq çərçivəsində atdığı addımları sərt şəkildə tənqid etməsi ikili standartların konkret göstəricisi oldu. Azərbaycan ictimai rəyində haqlı olaraq belə bir fikir qətiləşib ki, Avropa Parlamenti Ermənistanın törətdiyi dağıntılara, insanlıq əleyhinə cinayətlərə və etnik təmizləməyə göz yumduğu halda, Azərbaycana qarşı hər zaman daha sərt və ədalətsiz yanaşma sərgiləyir. Qurumla bağlı belə mövqe əslində, bir çox ölkələrdə formalaşıb. Məsələn, Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Avropa Parlamentindəki son müzakirələri kəskin tənqid edib. Onun sözlərinə görə, Avropa Parlamentinin dekabrın 18-də baş tutan iclası Avropada formalaşan sivilizasiya boşluğunun aydın göstəricisidir: “Nümayiş etdirilən Avropa artıq gürcülərin özlərini aid hiss etdikləri və birgə qurduqları Avropa deyil. Avropa Parlamentindəki müzakirələr artıq Avropa dəyərlərini əks etdirmir. Müzakirə əvəzinə hörmətsizlik, faktlar əvəzinə yalan, məsuliyyət əvəzinə isə sivilizasiya üstünlüyü mövqeyi nümayiş etdirildi”. Onun fikrincə, Avropa Parlamentində müşahidə olunan yanaşma Avropanın əsas dəyərləri kimi təqdim olunan dialoq, obyektivlik və qarşılıqlı hörmət prinsiplərinə ziddir. Bir sıra digər ölkələrin yanaşmasında da eyni halı müşahidə etmək mümkündür. Ölkəmizə gəlincə, anti-Azərbaycan mövqeyin formalaşmasında Avropa Parlamenti daxilində fəaliyyət göstərən müəyyən lobbi qruplarının, xüsusilə erməni diasporunun təsiri artıq bir faktdır. Bir sıra deputatların açıq şəkildə Ermənistanı müdafiə edən, Azərbaycana qarşı isə qərəzli mövqe sərgiləyən çıxışları bunu bir daha faktiki isbata yetririr. Avropa İttifaqının bu ayın əvvəlində Ermənistanla imzaladığı “Avropa İttifaqı–Ermənistan Tərəfdaşlığı üçün Strateji Gündəlik” adlı sənəd də selektiv yanaşmanın daha bir təzühürüdür. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Rizvan Nəbiyev də qeyd edir ki, Brüssel açıq formada Ermənistanda insan haqlarının pozulmasına göz yumur, din xadimləri və müxalifət nümayəndələrinin elə cari il ərzində baş verən həbslərinə qarşı heç bir bəyanat verilməyib, bununla əlaqədar heç bir dinləmə təşkil olunmayıb: “Əksinə, Ermənistan hökumətinə davamlı dəstək ifadə olunur. Hətta Azərbaycana qarşı Ermənistan tərəfindən və Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində yaratdığı marionet rejim tərəfindən törədilən müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlərinə görə Bakıda məhkəməsi gedən şəxslərin Avropa İttifaqı tərəfindən dəstəkləndiyini görürük. Bu şəxslərin azad olunmasını öz prioriteti elan etməsi Avropa İttifaqının dəyərləri, insan hüquqlarını siyasi məqsədlər üçün alətinə çevirmək cəhdi deyilmi? Onlardan biri, Ukraynaya qarşı müharibəni maliyyələşdirən oliqarxlardan olan Ruben Vardanyanın “müharibə əsiri” kimi təqdim edilməsi və azad edilməsinin tələb edilməsi insan hüquqlarına həqarət deyilmi?”. O, vurğulayır ki, bütün bunlar Avropa İttifaqının regionda sülh, normallaşma və etimad quruculuğu prosesləri ilə bağlı, həm də dəyərlərə münasibətdə nə qədər qərəzli siyasət yürütdüyünü, ikili standartlardan əl çəkmək istəmədiyini bir daha göstərir. Vətən müharibəsi və ondan sonra da Avropa Parlamenti Qarabağda mövcud olmuş separatçı rejimin nümayəndələrinin müdafiəsi məqsədilə genişmiqyaslı fəaliyyət həyata keçirib və indi də keçirməkdədir. Bu zaman onların törətdikləri müharbə cinayətləri görməzlikdən gəlinir. Azərbaycanda insan haqları və digər sferalarda vəziyyətlə bağlı da bu vaxta qədər Avropa Parlamentində çoxsaylı böhtanlar səsləndirilib, kağız parçası olmaqdan o tərəfə keçməyən bir neçə qətnamə qəbul olunub. Bütün bunlar qeyd edildiyi kimi həm də sözügedən qurumun Azərbaycana qarşı qərəzli və selektiv mövqe tutmasından irəli gəlib. Görünən odur ki, ölkəmizə münasibətdə Avropa Parlamenti bu siyasətini davam etdirəcək. Hətta qurumun bu fonda Cənubi Qafqazda gərgin vəziyyətin formalaşmasında da maraqlı tərəf qismində çıxış edir. Bunu Vaşinqtonda Azərbaycanla Ermənistan arasında sülh sazişinin paraflanmasına, sənəddə 7-ci maddəyə əsasən, tərəflərin qarşılıqlı sərhəddə hər hansı üçüncü tərəfin qüvvələrini yerləşdirməməklə bağlı üzərilərinə öhdəlik götürməsinə baxmayaraq, Avropa ittifaqının Ermənistandakı Müşahidə Missiyasının fəaliyyətinə xitam verməməsi də təsdiq edir. Bütün bunlar Avropa Parlamentinin anti-Azərbaycan siyasətindən əl çəkmədiyini, tərəflər arasında etimad böhranın yaranmasını şərtləndirir. Azərbaycan hesab edir ki, münasibətlərin sağlam əsaslar üzərində qurulması üçün qərəzli qətnamələrdən və ikili standartlardan imtina edilməli, qarşılıqlı hörmət və bərabərhüquqlu dialoq prinsipi əsas götürülməlidir. Yalnız bu halda əməkdaşlıq real və davamlı ola, Cənubi Qafqazda sülh və sabitliyə töhfə verə bilər.
