
Türkiyənin paytaxtı Ankaradakı Heydər Əliyev Parkında Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü münasibətilə “Yaşıl Qardaşlıq, ortaq təbiət, ortaq gələcək: Çevrə şənliyi” festivalı təşkil olunub.
Ankara şəhər Yeni Məhəllə Bələdiyyəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycanın Türkiyədəki səfirliyinin, səfirliyin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin, həmçinin ekoloji mədəniyyət və maarifləndirmə, iqlim dəyişikliyi ilə əlaqədar təşkilat və şirkətlərin rəhbərləri, təmsilçiləri, eləcə də müxtəlif məktəblərin müəllim və şagirdləri iştirak ediblər.
Ankara şəhər Yeni Məhəllə Bələdiyyəsinin rəhbəri Fethi Yaşar təbiəti qorumağın hər kəsin borcu olduğunu söyləyib. O, dünya əhalisinin və urbanizasiyanın sürətlə artmasının, yaşıllıqların, meşə sahələrinin və su ehtiyatlarının azalmasının, buzlaqların əriməsinin və digər bu kimi halların bəşəriyyəti narahat edən məsələlər olduğunu vurğulayıb, bu sahədə maarifləndirmənin önəmini qeyd edib.
Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Azərbaycan və Türkiyə arasındakı qardaşlıq münasibətlərindən danışıb, iki ölkə tərəfindən ətraf mühitin qorunması, təmiz ekologiya, yaşıl enerji, ekoloji mədəniyyətin formalaşdırılması ilə bağlı həyata keçirilən layihələr barədə məlumat verib. O, ölkəmizdə ötən ilin “Yaşıl dünya naminə həmrəylik ili” kimi qeyd olunduğunu, Naxçıvan, Qarabağ və Şərqi Zəngəzurun yaşıl enerji bölgələri elan edildiyini, 2024-cü il 11-22 noyabr tarixlərində Bakıda Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçirildiyini xatırladıb, respublikamızda həyata keçirilən ekoloji siyasətin əhəmiyyətindən danışıb. Eyni zamanda, uşaq və gənclərdə ekoloji mədəniyyətin formalaşdırılmasının və onların təbiətə qayğısının vacibliyini vurğulayıb.
Daha sonra Heydər Əliyev Parkında konsert proqramı təşkil olunub, Azərbaycan Mədəniyyət Mərkəzinin “Zəngəzur” Azərbaycan Xalq Rəqsləri Ansamblı və məktəblilər çıxış ediblər.
Heydər Əliyev Parkında ətraf mühitin mühafizəsinə, uşaq və gənclərdə ekoloji mədəniyyətin formalaşdırılmasına həsr edilən sərgi də açılıb. Azərbaycan Mədəniyyət Mərkəzi sərgidə təmsil olunub.