ANKARA İRƏVANLA MÜNASİBƏTLƏRİN NORMALLAŞMASINI AZƏRBAYCANSIZ TƏSƏVVÜR ETMİR

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ermənistanın Baş naziri Nikol Paşinyan BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində görüşəcək. Bu görüş Türkiyə və Ermənistan arasında uzun illər davam edən tarixi və siyasi gərginliklərin aradan qaldırılması istiqamətində əhəmiyyətli addım kimi qiymətləndirilə bilər. Təbii ki, tərəflərin danışıqları müsbət məcrada davam etsə o zaman iki ölkə arasındakı münasibətlərin normallaşması istiqamətində yeni səhifə açılacaq.

Ermənistanla Türkiyə arasında normal diplomatik münasibətlərin bərpası tarixi gərginliyin azalması ilə yanaşı, sabit regional siyasətin formalaşmasına da kömək edə bilər. Bu, həm Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması, sülh prosesinin dəstəklənməsi, həm də Cənubi Qafqazda daha geniş əməkdaşlıq imkanlarının yaranması deməkdir. Bu baxımdan Ermənistanın Türkiyə ilə münasibətlərini normallaşdırması onun regional inteqrasiyasını gücləndirə bilər.

Heç şübhəsiz ki, Rəcəb Tayyib Ərdoğan Ermənistanla əlaqələrin qurulmasında Azərbaycanın rolunu yenidən Nikol Paşinyanın diqqətinə çatdıracaq. Çünki hələ də sülh müqaviləsinin imzanmasına mane olan məsələlər var. Bunların başında Ermənistan Konstitusiyasında və digər qanunvericilik aktlarında Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarının olmasıdır. Həmin iddiaların aradan qaldırılmasında Türkiyə və Azərbaycanın eyni mövqedən çıxış etməsi ilk növbədə regional sabitliyə və təhlükəsizliyə xidmət edir. Bu baxımdan Ermənistan Azərbaycan və Türkiyənin irəli sürdüyü təklifləri nəzərə almalı və Azərbaycanla sülh sazişi imzalamağa və bu münaqişənin yekun həllinə nail olmağa çalışmalıdır.

Ermənistan üçün Türkiyə ilə sərhədlərin açılması və iqtisadi əlaqələrin qurulması ciddi iqtisadi faydalar və yeni inkişaf perspektivləri gətirə bilər. Türkiyə isə Ermənistanla münasibətləri normallaşdırmaqla Cənubi Qafqazda nüfuzunu gücləndirə və Qərblə münasibətlərini daha da yaxşılaşdıra, erməni diasporunun Türkiyə ilə bağlı sərt mövqeyinin yumşaldılmasına təsir edə bilər. Çox güman ki, Ərdoğan-Paşinyan görüşündə regional layihələr diqqət mərkəzində olacaq. Bu çərçivədə Türkiyənin də böyük maraq göstərdiyi Zəngəzur dəhlizinin açılması məsələsi yenidən qaldırılacaq, Ermənistanın bununla bağlı aktiv fəaliyyətə başlaması fikri səslənəcək. Çünki bu dəhliz region ölkələri daxil olmaqla Ermənistanın da iqtisadi inkişafına tövhə verəcək. Çünki Ermənistan Türkiyə vasitəsilə Qərb və digər regionlarla daha geniş ticarət və tranzit imkanlarına malik ola bilər ki, bu da ölkə iqtisadiyyatına müsbət təsir edər.

MTM Analitik Qrup