“AND YERİMİZ – ŞƏHİDLƏR!” ADLI LAYİHƏYƏ START VERİLİB

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyi iyul-sentyabr aylarında “And yerimiz – Şəhidlər”! adlı layihənin həyata keçirilməsinə başlayıb.

İctimai Birliyin mətbuat xidmətindən verilən məlumata görə, layihə zamanı 44 günlük Vətən müharibəsində döyüşlərdə qəhrəmanlıqla şəhidlik zirvəsinə yüksələn Xaçmaz, Quba və Qusar rayonlarından olan döyüşçülərin xatirələrinin əbədiləşdirmək, yaşatmaq, eləcə də əlillik dərəcəsi alan qazilərin tanıdılması məqsədilə onlar barədə məlumatlar toplanılaraq kitab şəklində nəşr etdiriləcək.

“And yerimiz – Şəhidlər” kitabı şəhidlərin ailə üzvlərinə, onlarla əlaqədar tədbirlərdə iştirak edənlərə paylanılacaq, maarifləndirmə və gəncləriin vətənpərvərlik ruhunda tərbiyə edilməsi üçün kitabxanalara təqdim olunacaq. Bundan başqa layihənin gedişi zamanı əlilliyi olan və digər imtiyazlı şəxslərin problemlərinin həlli, lazım gəldikdə hüquqlarının müdafiəsi ilə də əlaqədar tədbirlər görüləcək.

Qeyd edək ki, ötən il Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyi tərəfindən nəşr olunan “And yerimiz – şəhidlər” adlı kitabın birinci hissəsində Bakının Nizami rayonu və Tərtər rayonunda yaşayıb 44 günlük Vətən müharibəsində döyüşlərdə qəhrəmanlıqla şəhid olan oğullarımız və eləcə də əlillik dərəcəsi almış qazilərimiz barəsində məlumatlar dərc olunub. Yeni hazırlanan kitab həmin nəşrin ikinci hissəsidir.