ANAMA VƏ CENEVRƏ BEYNƏLXALQ HUMANİTAR MİNATƏMİZLƏMƏ MƏRKƏZİ ARASINDA ƏMƏKDAŞLIQ PERSPEKTİVLƏRİ MÜZAKİRƏ EDİLİB

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov Cenevrə Beynəlxalq Humanitar Minatəmizləmə Mərkəzinin direktoru, səfir Tobias Privitelli ilə görüş keçirib.

ANAMA-dan verilən məlumata görə, görüşdə səfirə ölkəmizin üzləşdiyi mina problemi və həmin problemin aradan qaldırılması sahəsində həyata keçirilən tədbirlər, o cümlədən agentliyin fəaliyyəti barədə geniş təqdimat edilib.

Görüş zamanı mina təhlükəsi ilə mübarizə sahəsində nüfuzlu beynəlxalq təşkilatlardan olan Cenevrə Beynəlxalq Humanitar Minatəmizəmə Mərkəzi ilə agentlik arasında cari ildə imzalanmış “Azərbaycan Respublikasında minatəmizləmə fəaliyyətinə dəstəyin təmin edilməsinə dair” Anlaşma Memorandumunun icrası ətrafında fikir mübadiləsi aparılıb.

Həmçinin mina təhlükəsi ilə mübarizə sahəsində təcrübə və təlim mübadiləsi, informasiyanın idarəedilməsi, innovativ yanaşmaların tətbiqi, potensialın gücləndirilməsi və birgə layihələr çərçivəsində əməkdaşlıq perspektivləri ətrafında danışıqlar aparılıb.

Qeyd edək ki, görüşdə İsveçrə Konfederasiyasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Tomas Ştehli də iştirak edib.