ANAMA SƏDRİ: ƏRAZİLƏRİMİZ ÇOX SIX ŞƏKİLDƏ MİNALARLA ÇİRKLƏNDİRİLİB

30 ilə yaxın müddət ərzində erməni işğalı altında qalan ərazilərimiz sıx şəkildə minalarla çirkləndirilib.

Bunu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov bu gün Ombudsman Aparatının 20 illik yubileyinə həsr edilmiş “Ombudsmanların və milli insan hüquqları təsisatlarının biznes və insan hüquqları sahəsində rolu” mövzusunda Ombudsmanların və Milli İnsan Hüquqları Təsisatlarının Bakı Beynəlxalq Konfransında panel müzakirələri zamanı deyib.

V.Süleymanov bildirib ki, Ermənistanın təqdim etdiyi mina fomulyarların cəmi 2 faizi səmərəli olub. O qeyd edib ki, keçmiş təmas xətti daha çox minalanıb.

“Minatəmizləmə əməliyyatları zamanı elə ərazilər aşkarlandı ki, 1 kvadrat metrdə 8 mina tapıldı. Horadiz-Ağbənd dəmir yol xətti çəkilərkən minatəmizləmə zamanı 50 kvadratmetr ərazidə 30 tank əleyhinə plastik mina tapılmışdı. Yəni ermənilər ərazilərimizi çox sıx şəkildə minalayıb”, – deyə o əlavə edib.