ANAMA-NIN YENİ MÜDAVİMLƏRİNƏ MİNALARI AŞKARLAMAQ ÜÇÜN BİLİK, BACARIQ VƏ DAVRANIŞ QAYDALARI ÖYRƏDİLİR

Göygöl rayonunda Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) təlim şöbəsi yeni müdavimlər üçün “Humanitar minatəmizləmə”, “Döyüş sahəsinin təmizlənməsi” və “İlk tibbi yardım” təlimləri keçirib.

ANAMA-dan verilən məlumata görə, beş həftə müddətində həm nəzəri, həm də praktiki şəkildə keçirilən təlimlərin məqsədi yeni müdavimlərə mina və partlamamış hərbi sursatları tanımaq, aşkarlamaq və işarələmək, eləcə də ilk tibbi yardım üçün lazım olan əsas bilik, bacarıq və davranış qaydalarının öyrədilməsindən ibarətdir.

Təlimləri uğurla keçən müdavimlər işğaldan azad olunmuş ərazilərə təhlükəsiz qayıdışın təmin edilməsi istiqamətində icra olunan humanitar minatəmizləmə əməliyyatlarına cəlb ediləcəklər.