
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad olunmuş ərazilərdə baş verən yanğınlarla bağlı vətəndaşlara çağırış edib.
Bu barədə ANAMA-dan məlumat verilib.
Bildirlib ki, işğaldan azad edilmiş ərazilərdə son günlərdə mövsümlə əlaqədar olaraq havaların isti və quraq keçməsi nəticəsində meşə və otlaq sahələrində yanğın hadisələrinin artmasına şahid oluruq. Azad edilmiş ərazilərə vətəndaşların istirahət və ziyarət xarakterli səfərlərinin intensivləşməsi və qayıdış prosesində iştirak edən sakinlərin sayının artması müşahidə olunur. Bu səbəbdən ANAMA vətəndaşlara çağırış edərək bildirir ki, işğaldan azad olunmuş ərazilərdə olarkən odla davranış qaydalarına ciddi riayət etsinlər. Açıq alovdan istifadə zamanı ehtiyatlı davransınlar. Siqaret kötüklərini yerə atmaqdan çəkinsinlər.
“Baş verə biləcək genişmiqyaslı yanğın hadisəsi zamanı həmin ərazilərdə atılıb qalan mina və digər partlayıcı sursatlar hərarətin təsirindən işə düşə və yaxınlıqda olan hər hansı bir şəxs və ya şəxslərə ciddi ziyan vura bilər. Eyni zamanda, qeyd edək ki, Beynəlxalq Minatəmizləmə Standartlarına əsasən süni maneələr və istehkamlar, eləcə də, təbii olan bitki örtüyünün heç bir resurslarla təmizlənməsi mümkün olmayan ərazilərdə yandırma fəaliyyəti kimi prosedur mövcuddur. Lakin ANAMA tərəfindən bu kimi fəaliyyət icra edilmir. İşğaldan azad olunmuş ərazilərdə yanğın və ya mina təhlükəsi halları ilə qarşılaşdıqda dərhal 805, 102 və ya 112 nömrələrinə müraciət etməyiniz tövsiyə olunur. Özümüzü, yaxınlarımızı, təbiətimizi və Vətən torpağını birgə qoruyaq!”,- deyə məlumatda qeyd edilib.