ANAMA: İŞĞALDAN AZAD EDİLƏN ƏRAZİLƏRDƏ MƏHZ MÜLKİ İNSANLARA TUŞLANMIŞ MİNALAR AŞKARLANIR

İşğaldan azad edilən ərazilərdə heç bir hərbi əhəmiyyəti olmayan, məhz mülki insanlara tuşlanmış minalar aşkarlanır.

Bunu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov bu gün Ombudsman Aparatının 20 illik yubileyinə həsr edilmiş “Ombudsmanların və milli insan hüquqları təsisatlarının biznes və insan hüquqları sahəsində rolu” mövzusunda Ombudsmanların və Milli İnsan Hüquqları Təsisatlarının Bakı Beynəlxalq Konfransında panel müzakirələri zaman deyib.

O qeyd edib ki, ermənilər qəbiristanlıqları, su kanallarının, bulaqların ətrafını, bağları, əkin sahələrini minalayıb.

“Bundan başqa, dəmir yolları, elektrik xətlərinin altından gedən yollar minalanıb. Bu, məhz mülki insanların məhv olmasına hesablanmış hərəkətdir. Birinci Qarabağ müharibəsindən indiyə qədər 3 342 insan mina partlayışlarının qurbanı olub. Həmin insanlardan 357-si uşaq, 38-i qadın olub. 131 hadisədə beynəlxalq konvensiyada qadağan olunmiş klaster silahlarının partlaması baş verib”, – deyə V.Süleymanov əlavə edib.