Türkiyənin Anadolu Agentliyi Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayenin Azərbaycana səfəri, Prezident İlham Əliyevlə Bakıda keçirilən görüş və mətbuata birgə bəyanatlarla çıxış etmələri barədə geniş informasiyalar yayıb.
“Azərbaycan Avropa İttifaqına daha çox təbii qaz nəql edəcək” və “Azərbaycan təbii qazının Avropaya çatdırılmasında Türkiyə tranzit ölkədir” sərlövhəli yazılarda xanım Ursula Fon der Lyayenin Azərbaycana səfərinin nəticələri barədə müfəssəl məlumat verilir.
Diqqətə çatdırılır ki, Avropa TAP marşrutu ilə nəqletmənin həcminin artırılmasını arzulayır və qarşıdakı bir neçə il ərzində bu marşrutla ötürücülük qabiliyyətinin 20 milyard kubmetrə çatdırılması mümkündür.
Agentliyin hazırladığı infoqrafika Azərbaycanın karbohidrogen ehtiyatlarında mühüm hissəni təşkil edən təbii qazın Avropaya nəql edilməsi imkanları, eləcə də TANAP, TAP, Cənubi Qafqaz Boru Kəməri, bu layihələrin daşıyıcılıq imkanları barədə ictimaiyyətə məlumatlar çatdırır.