AMERİKA İRAN-İSRAİL MÜHARİBƏSİNƏ MÜDAXİLƏ EDƏRSƏ…

Hazırda davam edən İran-İsrail müharibəsi getdikcə regiondakı təhlükəsizlik dinamikasını alt-üst edir. Münaqişə yalnız regional deyil, qlobal güclərin də diqqət mərkəzindədir. Xüsusilə Vaşinqtonun bu prosesə birbaşa müdaxilə ehtimalı dünyanın siyasi gündəmini təyin edir. ABŞ-nin münaqişəyə qoşulması ehtimalı barədə Prezident Donald Trampın sərt və ultimativ bəyanatları Vaşinqtonun gec-tez müharibəyə girməsi ehtimalını da artırır. Belə bir ssenari reallaşarsa, Yaxın Şərqdə yeni geosiyasi tənzimləmənin bünövrəsi qoyula bilər. Bu kontekstdə ABŞ-nin münaqişəyə qoşulması İsrailin milli təhlükəsizliyinin qorunması və İranın nüvə fəaliyyətinin dayandırılması ilə sıx bağlıdır. Müharibə fonunda İranın nüvə proqramının nəzarətsiz qalması və yeni uran zənginləşdirmə səyləri ABŞ üçün “qırmızı xətt” hesab olunur.

Amerikanın müharibəyə qoşulması müxtəlif formalarda – hava zərbələri, dəniz blokadası və kiberhücumlar formasında baş verə bilər. Ehtimal edilir ki, ABŞ-nin ilkin mərhələdə tətbiq edəcəyi əsas strategiya İranın hərbi və enerji infrastrukturlarına qarşı hava hücumları olacaq. Bura atom obyektləri, İslam İnqilabı Keşikçiləri Korpusunun bazaları, hava hücumundan müdafiə sistemləri və raket istehsalı zavodları daxildir. Hörmüz boğazında ABŞ Hərbi Dəniz Qüvvələrinin mövqelənməsi İranın enerji ixracatını iflic edə bilər. Bu isə İran iqtisadiyyatını dərhal çökmə həddinə çatdırar. Bundan əlavə, İranın rabitə və komanda sistemlərinə qarşı yönəlmiş kiberhücumlar, eyni zamanda ABŞ-nin daha az itki ilə maksimum effekt almaq istədiyi sahələrdəndir.

Lakin nəzərə almalıyıq ki, ABŞ-nin müdaxiləsi Rusiya və Çinlə yeni gərginlik dalğası yarada bilər. Rusiya hərbi yolla deyil, informasiya və diplomatik sahədə İranın yanında yer almağa, Çin isə enerji maraqları naminə ABŞ-a qarşı çıxmaz, lakin neytral qalaraq diplomatik nüfuzunu artırmağa çalışar. Bu vəziyyətdə Avropa dövlətləri müharibənin genişlənməsinin əleyhinə çıxacaq. Lakin ABŞ ilə açıq qarşıdurmadan çəkinərək, daha çox humanitar yardım və vasitəçilik təşəbbüsləri ilə çıxış edəcəklər. Region ölkələri də açıq müdaxilə cəhdlərindən çəkinəcəklər. Azərbaycan ABŞ-İran qarşıdurmasının coğrafi cəbhəsində yerləşən ölkə olaraq balanslı siyasət aparmağa məcbur qalacaq. Güney Azərbaycandakı soydaşların təhlükəsizliyi və qaçqın axınının qarşısının alınması Bakı üçün prioritet olacaq. Türkiyə isə NATO müttəfiqi olaraq ABŞ-nin yanında görünə bilər, lakin regionda müstəqil vasitəçi imicini qorumağa çalışacaq.

Amerikanın İran-İsrail müharibəsinə qoşulması regionun tamamilə yeni bir mərhələyə keçməsi deməkdir. Belə olan halda İranın ciddi hərbi və iqtisadi itkilərlə üzləşməsi, daxili sabitliyin sarsılması qaçılmaz olacaq. Bu münaqişə təkcə İran-İsrail və ya ABŞ-İran münasibətləri deyil, bütövlükdə beynəlxalq güc balansını da dəyişə bilər. Hazırda Prezident Donald Trampın ritorikası İran rəhbərliyinə geri addım atmaq üçün ciddi siqnal göndərir. Lakin Tehranın müqavimət arzusu Vaşinqtonun hərbi güc nümayişi ilə bir araya sığmır. Bu cür davam etdiyi təqdirdə İranın düşəcəyi vəziyyət bir qədər də kəskin xarakter alacaq. Siyasi, iqtisadi və hərbi cəhətdən müdafiəsiz, ideoloji baxımdan parçalanmış struktur İranın sonrakı taleyində əsas rol oynayacaq. Bu isə təkcə İran üçün deyil, bütün Yaxın Şərq üçün uzunmüddətli qeyri-sabitlik dövrünün başlanğıcı ola bilər.

MTM Analitik Qrup