
ABŞ-da fəaliyyət göstərən Amerika Azərbaycanlılarının Koordinasiya Şurası Ermənistanın əsir götürdüyü azərbaycanlı hərbi qulluqçulara qarşı işgəncə tətbiq edilməsi faktını qətiyyətlə pisləyib.
Diasporla İş üzrə Dövlət Komitəsindən bildiriblər ki, Amerika Azərbaycanlılarının Koordinasiya Şurasının adından beynəlxalq təşkilatlara ünvanlanmış bəyanatda Azərbaycan Ordusunun əsgərləri – 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlunun əsir düşməsinin səbəbləri haqqında informasiya təqdim olunub. Həmçinin Azərbaycan hərbi qulluqçularına qarşı insanlığa zidd hərəkətlər diqqətə çatdırılıb, bu zorakılıq aktının Ermənistan tərəfindən beynəlxalq humanitar qanunların kobudcasına pozulması olduğu vurğulanıb.
Bəyanatda qeyd edilir ki, beynəlxalq təşkilatlar təkcə bu cinayətkar insidenti deyil, həm də Ermənistan tərəfindən son 30 ildən artıq müddətdə itkin düşmüş 3890 azərbaycanlıya qarşı törədilən zorakılıq aktlarını təhqiq etməli, onlara lazımi qiymət verməlidir.
Amerika Azərbaycanlılarının Koordinasiya Şurası beynəlxalq təşkilatları Ermənistan hökumətinin və sözügedən cinayəti törədən şəxslərin əməllərinə hüquqi qiymət verməyə, azərbaycanlı hərbi qulluqçuların dərhal və qeyd-şərtsiz azad olunmasını təmin etməyə çağırır.
