“ALBAYRAK” ŞİRKƏTLƏR QRUPU BAKI LİMANINDA FƏALİYYƏT GÖSTƏRƏCƏK

Bakı Limanı Türkiyənin ən böyük holdinqlərindən olan və tərkibində 50-dən çox şirkəti birləşdirən, inşaat, sənaye, media ilə yanaşı həm Türkiyə, Avropa, həm də Afrikanın şərqində və qərbində liman idarəetməsi və qısa zamanda beynəlxalq ticarətin formalaşdırılması kimi mühüm təcrübəsi olan “Albayrak” şirkətlər qrupu ilə əməkdaşlıq müqaviləsi bağlayıb.

Ələt qəsəbəsində “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin Baş direktoru Taleh Ziyadov və “Albayrak” şirkətlər qrupunun rəhbəri Ahmet Albayrakın imzaladığı müqaviləyə əsasən, Tərəflər Bakı Limanının texniki imkanlarının yaxşılaşdırılması, daha çox yükün cəlb edilməsi, eyni zamanda yüklərin operativ formada aşırılması və sair bu kimi sahələrdə sıx əməkdaşlıq edəcəklər.

Əldə edilən yeni razılığa əsasən “Albayrak” şirkətlər qrupu Bakı Limanı ilə birgə “Ro-Ro”, “Gübrə” terminallarında fəaliyyət göstərəcək və digər mühüm sahələrdə sıx əməkdaşlıq edəcəklər. Yeni əməkdaşlıq müqaviləsinin əsas məqsədi logistika və təchizat zənciri sahəsində yük daşıyıcıları üçün ən rahat və stabil şəraiti formalaşdırmaqla Bakı Limanı vasitəsilə Azərbaycandan tranzit keçməklə Çin və Mərkəzi Asiya ölkələrindən Avropaya, eyni zamanda Türkiyəyə daşınan yükün həcminin qısa zamanda artırılmasına nail olmaq, cəlb edilən yükün müasir logistik həllərin də tətbiq edilməsi ilə operativ formada aşırılmasını təmin etməkdir.

Bu əməkdaşlığın qurulması ilə Bakı Limanına daha böyük həcmdə yükün cəlb edilməsi proqnozlaşdırılır ki, bu da həm yeni iş yerlərinin yaradılması, həm də Azərbaycan iqtisadiyyatına əlavə dəyər qatmağa imkan verəcək.