ALBANİYA KİV-DƏ 20 YANVARLA BAĞLI MƏQALƏLƏR DƏRC EDİLİB

Albaniyannın “Psikologjia” və “Panorama” nəşrlərində 20 Yanvar – Ümumxalq Hüzn Günü ilə bağlı məqalələr dərc edilib.

Məqalələrdə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə baş verən hadisələr Azərbaycanın müstəqillik yolunda mühüm mərhələ kimi qiymətləndirilir. 20 Yanvarın həm də ölkə üçün milli qürur günü, Azərbaycan xalqının milli müstəqilliyi və azadlığı naminə sarsılmaz iradə rəmzinə çevrildiyi bildirilir. Bu tarixi hadisənin Azərbaycanın milli kimliyinin formalaşmasında həlledici amil olduğu və milli müstəqilliyin bərpasında dönüş nöqtəsi hesab edildiyi oxucuların diqqətinə çatdırılır.

Keçmiş SSRİ rəhbərliyinin birbaşa təlimatı ilə Bakının dinc əhalisinə qarşı törədilən kütləvi qırğının Azərbaycan xalqında haqlı etiraz yaratdığı, imperiyanın süqutunu sürətləndirdiyi bildirilir. Həmin gecə sovet ordusunun 20 mindən çox hərbçisinin Bakıya daxil olduğu və fövqəladə vəziyyət elan etmədən dinc əhaliyə qarşı vəhşicəsinə qətliam törətdiyi, yüzlərlə insanın öldürüldüyü, yaralandığı və ya itkin düşdüyü vurğulanır.

20 Yanvar faciəsinin 1988-ci ildə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Ermənistana birləşdirilməsi cəhdlərinin və azərbaycanlıların Ermənistandakı tarixi torpaqlarından qovulmasının növbəti dalğasının pik həddə olduğu, Azərbaycanda milli hərəkatın gücləndiyi, Ermənistanın ovaxtkı bəzi sovet rəsmilərinin Azərbaycana qarşı ərazi iddialarını dəstəklədiyi və təcavüzkar əməllərindən hiddətləndiyi vaxtda baş verdiyi qeyd olunub.

Sovet rəhbərliyinin artan bu gərginliyin qarşısını almaq əvəzinə, Azərbaycan xalqına qarşı dəhşətli cinayət törətdiyi, hərbi əməliyyatlar nəticəsində rəsmi olaraq 150-yə yaxın insanın öldürüldüyü, 744 nəfər ağır yaralandığı, 4 nəfərin itkin düşdüyü və 400 nəfərin həbs edildiyi oxucuların diqqətinə çatdırılıb. Fövqəladə vəziyyətin elan edilməsindən sonra Bakıda daha 21 nəfərin, Neftçala və Lənkəran şəhərlərində isə 26 nəfərin qətlə yetirildiyi bildirilib.

Vurğulanıb ki, Azərbaycan xalqı bu faciəni “Qara Yanvar” adlandırır. Diqqətə çatdırılıb ki, dinc əhalinin kütləvi şəkildə qətlə yetirilməsini Azərbaycan xalqı hər il hüzn və böyük kədərlə xatırlayır. Sovet totalitar rejiminin qanlı antiinsani mahiyyətini açıq şəkildə göstərilir. Bunun Sovet İttifaqının 1956-cı ildə Macarıstan qiyamına və 1968-ci ildə Praqa baharına qarşı tətbiq etdiyi azadlıq hərəkatlarını yatırmaq üçün tətbiq etdiyi üsulla eyni olduğu bildirilib. Eyni hadisələrin Tbilisidə, Vilnüsdə, Riqada və digər şəhərlərdə törədildiyi diqqətə çatdırılıb.