AGENTLİK SENTYABR AYI ÜZRƏ DİPLOMLARIN TANINMASI STATİSTİKASINI AÇIQLAYIB

Təhsildə Keyfiyyət Təminatı Agentliyi sentyabr ayı üçün diplomların tanınması üzrə müraciətlərin statistikasını açıqlayıb.

Agentlikdən bildirilib ki, sentyabr ayı üzrə 787 müraciətçinin 554-ü barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 233 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb.

Tədris yükünün təhsil aldığı ölkənin ərazisində tələb olunan normativdən az olması səbəbindən 209, təhsil forması səbəbindən 8, ekvivalenti olmayan ixtisasa görə 6, dövlət nümunəli olmayan diplom səbəbindən 4, akkreditasiyasız filial səbəbindən 3, əczaçılıq ixtisası üzrə qiyabi formada təhsil alınmasına görə 2, bakalavr diplomu üzrə mənfi qərar verilməsi səbəbindən 1 nəfərin müraciəti mənfi qərarla yekunlaşıb.

Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda Türkiyədən 265, Rusiyadan 242, Ukraynadan 126, Gürcüstandan 40, Birləşmiş Krallıqdan 28, Belarusdan 21, Polşadan 10, Macarıstandan 8, Litvadan 6, Almaniyadan 5, ABŞ-dan 5, İtaliyadan 4, Niderlanddan 4, Çin, İran, Kipr Respublikası, Latviya və Qazaxıstandan hər bir ölkə üzrə 3, Bolqarıstan, Çexiya, Fransa, Kanada, Malayziya, Özbəkistan, Pakistan və Qırğızıstandan hər bir ölkə üzrə 1 müraciətin olduğu müşahidə edilir.

Ən çox müraciətlər maliyyə (57), biznesin idarə edilməsi (53), menecment (51), iqtisadiyyat (49), tibb (34) ixtisasları üzrə qeydə alınıb.