AGENTLİK RƏSMİSİ: ÖLKƏ ÜZRƏ MƏKTƏBƏQƏDƏR TƏHSİL MÜƏSSİSƏLƏRİNDƏ 56 MİNDƏN ÇOX BOŞ YER VAR

2024-2025-ci tədris ili üzrə uşaqların məktəbəqədər təhsil müəssisələrinə elektron qəbulu prosesi davam edir.

Bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Məktəbəqədər təhsil şöbəsinin müdiri İlahə Rəsulova jurnalistlərə müsahibəsində deyib.

O bildirib ki, hazırda ölkə üzrə məktəbəqədər təhsil müəssisələrinə sorğuların verilməsi aparılır:

“Bu günə qədər ölkə üzrə (Bakı şəhəri istisna olmaqla) ümumilikdə 11 min 285 sorğu təsdiq edilib və həmin sorğular üzrə uşaqlar aidiyyəti bağçalara qəbul ediliblər. 47 min 615 nəfər növbəyə yazılıb. Boş yerlərin sayı 56 min 740-dır”.

Qeyd edək ki, təhsil müəssisəsinə yeni qəbul olunmuş uşaqlar qrupların komplektləşdirilməsi prosesi başa çatdıqdan sonra cari il sentyabrın 1-dən etibarən tədrisə başlaya bilərlər. Boş yerlərə qəbul il ərzində aparılır. Dövlət məktəbəqədər təhsil müəssisələrinə uşaqların qəbulu elektron qaydada www.bq.edu.az elektron sənəd qəbulu sistemi vasitəsilə aparılır. Hər hansı səbəbdən elektron sistemdə qeydiyyatı şəxsən aparmaq imkanı olmayan valideynlər əvvəlcədən müəyyən edilmiş “ASAN xidmət” mərkəzlərinə müraciət edə bilərlər.