
Mayın 25-də Ağdamda “Mina təhlükəsi ilə mübarizə – dayanıqlı inkişafa gedən yol” mövzusunda 2-ci beynəlxalq humanitar minatəmizləmə konfransı keçirilir.
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) və Birləşmiş Millətlər Təşkilatının (BMT) birgə təşkilatçılığı ilə reallaşan konfransın əsas məqsədi ölkəmizin üzləşdiyi mina probleminin miqyası və törətdiyi fəsadları beynəlxalq ictimaiyyətin və mina təhlükəsi ilə mübarizədə maraqlı olan tərəflərin diqqətinə çatdırmaqdır. Bundan başqa, problemin qlobal xarakter daşıdığını nəzərə alaraq, konfrans humanitar minatəmizləmə üzrə milli və qlobal Dayanıqlı İnkişaf Məqsədinin (DİM) təqdim edilməsini, bu istiqamətdə birgə tərəfdaşlıq və dəstəyin gücləndirilməsini hədəfləyir.
Konfransda 51 ölkəni təmsil edən 160-a yaxın rəsmi şəxslər – sabiq dövlət və hökumət başçıları, bir sıra ölkələrin parlament üzvləri, BMT baş ofisinin rəhbər heyəti, nüfuzlu beynəlxalq təşkilatların, minatəmizləmə sahəsində fəaliyyət göstərən qurumların, eləcə də Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələri iştirak edirlər.
Konfrans iştirakçıları əvvəlcə mərkəzdə təşkil olunan sərgi ilə tanış olub. Sərgidə cari ilin aprelin 28-də Tərtərin Tapqaraqoyunlu istiqamətində ərazilərin dronlar vasitəsilə tədqiqatını həyata keçirən subpodratçı təşkilatın əməkdaşlarının minaya düşərək həyatlarını itirdikləri nəqliyyat vasitəsi də nümayiş olunub.
Qeyd edək ki, konfransın ikinci günü mayın 26-da Bakıda təşkil olunacaq.
Xatırladaq ki, konfrans ötən ilin 30 mart – 1 aprel tarixlərində “Humanitar Minatəmizləmə və Dayanıqlı İnkişaf Məqsədləri” mövzusunda keçirilmiş beynəlxalq konfransın davamıdır.