AĞDAMDA İMARƏT STADİONUNUN YERİ DƏYİŞDİRİLİR, BÖYÜK KOMPLEKSİN TİKİNTİSİ NƏZƏRDƏ TUTULUR

Futbol azarkeşlərinə demək istəyirəm ki, biz İmarət stadionunun tikintisini nəzərdə tuturuq. Düzdür əvvəlki yerdə deyil, yəni Pənahəli xanın imarət kompleksində deyil, şəhərin digər daha böyük, geniş infrastruktura malik guşəsində nəzərdə tuturuq.

Bu barədə Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov “Xalq” qəzetinə müsahibəsində bildirib.

O qeyd edib ki, hazırda burada layihələndirmə işləri gedir.

“Bu idman məhəlləsində tək futbol stadionu deyil, müxtəlif idman yarışları üçün qapalı-açıq idman zalları planlaşdırırıq. İdman təmayüllü orta məktəbin, bundan əlavə, Azərbaycanın digər bölgələrindən bura gələcək uşaqlar üçün idman yay düşərgəsinin layihələndirilməsi nəzərdə tutulur”, – deyə E.Hüseynov bildirib.