İşğaldan azad olunmuş ərazilərdə Prezident İlham Əliyevin xüsusi diqqəti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilən tarixi və dini-mədəni abidələrin bərpası proqramı çərçivəsində istifadəyə verilmiş Ağdam və Zəngilan məscidlərinə ilk dəfə din xadimləri təyin olunub.
Avqustun 6-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Ağdam şəhər Cümə məscidi və Zəngilan məscidinə imam vəzifəsinə təyin olunmuş Mehman Nəsirov və Müşfiq Fərzəliyevlə görüşüb.
Komitədən bildiriblər ki, görüşdə R.Məmmədov Qarabağ və Şərqi Zəngəzurda tikilən məscidlərə imamların təyin edilməsinin 30 ilə yaxın düşmən işğalında qalan torpaqlara yenidən həyatın qayıtdığını göstərən növbəti fakt olduğunu vurğulayıb. O qeyd edib ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı Qələbədən sonra Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə dini abidələrimizin, məscidlərimizin bərpası istiqamətində həyata keçirilən tədbirlər Azərbaycan dövlətinin və xalqının öz dini və tarixi-mədəni irsinə nə qədər bağlı olduğunu sübut edir.
Komitə sədri İslam dininin əsaslarının olduğu kimi insanlara çatdırılmasında, dini və ideoloji sahədə aparılan maarifləndirmə işlərində din xadimlərinin üzərinə mühüm vəzifələr düşdüyünü deyib. Diqqətə çatdırıb ki, azərbaycançılıq ideyalarının təbliği, milli-mənəvi dəyərlərin, tarixi-dini ənənələrin qorunması din xadimlərinin fəaliyyətinin əsas istiqamətlərini təşkil etməlidir.
Din xadimləri işğaldan azad olunmuş ərazilərdə tikilən məscidlərə təyin olunmalarından qürur duyduqlarını vurğulayıb, dövlət tərəfindən dinə və din xadimlərinə göstərilən qayğını yüksək dəyərləndirdiklərini vurğulayıb, məscidlər və dini icmaların fəaliyyəti ilə bağlı təkliflərini diqqətə çatdırıblar.