ADİL KƏRİMLİ: MƏDƏNİYYƏT GÜNLƏRİ ÖLKƏLƏR ARASINDA İKİTƏRƏFLİ ƏLAQƏLƏRİN GÜCLƏNDİRİLMƏSİNƏ MÜHÜM TÖHFƏ VERİR

Həm ölkəmizdə, həm də xaricdə mədəniyyət günlərinin təşkili bizim üçün xüsusi əhəmiyyət daşıyır. Bu təşəbbüs ölkələr arasında ikitərəfli əlaqələrin gücləndirilməsinə mühüm töhfə verir. Mədəniyyət günlərinin daha peşəkar, daha əhatəli və geniş miqyasda təşkili əsas prioritetlərimizdəndir. Bu platforma vasitəsilə əməkdaşlığın daha səmərəli və məqsədyönlü şəkildə qurulmasına çalışacağıq.

Bu fikirləri mədəniyyət naziri Adil Kərimli fevralın 11-də Mədəniyyət Nazirliyinin 2025-ci ildəki fəaliyyətinə həsr olunmuş kollegiya iclasında deyib.

Nazir bildirib ki, həmçinin işğaldan azad olunmuş bölgələrimizdə hər il şəhər günləri keçirilir. Bu cür tədbirlər azad edilmiş ərazilərdə mədəni həyatın bərpasına, tarixi-mədəni irsimizin yenidən canlandırılmasına və ictimai-mədəni fəallığın artırılmasına xidmət edir.

Onun sözlərinə görə, bu tədbirlər çərçivəsində incəsənət xadimlərinin çıxışları, sərgilər, konsert proqramları və müxtəlif mədəni layihələr təşkil olunur ki, bu da bölgələrin sosial-mədəni inkişafına mühüm töhfə verir.