ADİL KƏRİMLİ: FORUMUN AZƏRBAYCANIN ZƏFƏR GÜNÜNÜN BEŞİNCİ İLDÖNÜMÜ ƏRƏFƏSİNDƏ KEÇİRİLMƏSİ DƏRİN RƏMZİ MƏNA DAŞIYIR

Azərbaycan mədəniyyətinin gücü onun zənginliyində, dərin tarixi köklərində və onu təmsil edən insanların yüksək təfəkküründə, dərin düşüncə tərzində, əxlaq və mənəviyyatında özünü göstərir. Biz qürur duyuruq ki, Azərbaycan mədəniyyətini təmsil edən sənətkarlarımız, istər ölkə daxilində, istərsə də ölkə xaricində, milli dəyərlərimiz və mədəni irsimiz əsasında fəaliyyət göstərirlər. Bu bizi daha da ruhlandırır və bu sahədə daha böyük həvəslə çalışmağa sövq edir.

Bunu noyabrın 3-də Türkiyənin Antalya şəhərində Azərbaycan Mədəniyyət Elçilərinin I Forumunda çıxışı zamanı mədəniyyət naziri Adil Kərimli söyləyib.

Nazir bu Forumun məhz bu tarixdə – Azərbaycanın Zəfər Gününün beşinci ildönümü ərəfəsində keçirilməsinin dərin rəmzi məna daşıdığını deyib: “Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu 2020-ci ildə 30 illik işğala son qoyaraq 44 günlük Vətən müharibəsində tarixi Qələbə qazandı. Məhz Azərbaycanın təşəbbüsü və gücü sayəsində Cənubi Qafqazda sülhün və qarşılıqlı etimadın bərqərar olması istiqamətində yeni bir mərhələ başlanıb. Bu gün artıq mədəniyyətin güc dövrüdür”.