ABŞERON ÇİMƏRLİKLƏRİNDƏ ŞİMAL-QƏRB KÜLƏYİNİN ARABİR GÜCLƏNMƏSİ İLƏ ƏLAQƏDAR ƏHALİNİN EHTİYATLI OLMASI TÖVSİYƏ EDİLİR

Azərbaycanda avqustun 6-na gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasının bəzi yerlərində arabir yağış yağacağı, səhər tədricən kəsiləcəyi, gündüz dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 21-26°, gündüz 30-34° isti, Bakıda gecə 24-26°, gündüz 31-33° isti olacaq. Atmosfer təzyiqi 756 millimetr civə sütunu, nisbi rütubət 60-65 faiz təşkil edəcək.

Abşeron çimərliklərində şimal-qərb küləyinin arabir güclənməsi ilə əlaqədar əhalinin ehtiyatlı olması tövsiyə edilir.

Dəniz suyunun temperaturu şimal çimərliklərində – Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada 25-26°, cənub çimərliklərində – Türkan, Hövsan, Sahil, Şıxda 26-27° isti olacaq.

Azərbaycan rayonlarının bəzi yerlərində şimşək çaxacağı, arabir yağış yağacağı ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 22-26°, gündüz 33-38° isti, dağlarda gecə 9-14°, gündüz 18-23° isti olacağı ehtimal edilir.