ABŞ VASİTƏÇİLİK SƏYLƏRİNİ ARTIRMAĞA ÇALIŞIR

Bu gün ABŞ dövlət katibi Antoni Blinkenin təşəbbüsü və iştirakı ilə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Nyu-Yorkda görüşəcək. Bu görüş iki ölkə arasında davam edən sülh prosesi çərçivəsində danışıqlar mühitini aktivləşdirmək məqsədi daşıyır. İki ölkə arasında uzunmüddətli barışığa nail olmaq üçün atılan bu addımla ABŞ beynəlxalq vasitəçiliyin əhəmiyyətini nümayiş etdirməyə və bu məsələdə öz rolunu qabartmağa çalışır.

Görüşdə əsas müzakirə mövzularından biri şübhəsiz ki, Zəngəzur dəhlizinin açılması ilə bağlı olacaq. Digər tərəfdən sərhədlərin demarkasiyası və delimitasiyası məsələləri də əsas müzakirə mövzuları sırasındadır. Ceyhun Bayramov yekun sülh sazişinə nail olmaq üçün Ermənistanın öz konstitusiyasına və digər qanunvericilik aktlarına dəyişikliklər etməsini bir daha erməni həmkarının diqqətinə çatdıracaq.

Nazirlərin görüşü hər iki tərəf arasında qarşılıqlı etimadın yaradılması istiqamətində əhəmiyyətli addım kimi dəyərləndirilməlidir. Azərbaycan hər dəfə rəsmi səviyyədə bəyan edir ki, Bakı yerindən asılı olmayaraq Ermənistanla danışıqlara hazırdır və sülh prosesini irəliyə aparacaq bütün addımları dəstəkləyir. Çünki bu görüşlər qarşılıqlı etimadın bərpası və möhkəmləndirilməsi üçün vacibdir və gələcəkdə daha yüksək səviyyəli danışıqlara yol açır.

Xarici işlər nazirlərinin növbəti görüşü regionda davamlı sabitlik və təhlükəsizliyin təmin olunmasına yönəlib. Qonşu ölkələr və regional güclərin də maraqları nəzərə alınaraq sülh prosesinin davamlı olması üçün müxtəlif mexanizmlərin yaradılması müzakirə oluna bilər. Digər tərəfdən ABŞ-ın Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasındakı fəaliyyəti enerji təhlükəsizliyi və beynəlxalq təhlükəsizlik baxımından strateji maraqlarının olduğu Cənubi Qafqazda sabitliyə nail olunmasından irəli gəlir.

ABŞ Ermənistanla Azərbaycan arasında vasitəçi rolunu gücləndirmək istəyir. Xarici siyasət idarələri rəhbərlərinin Nyu-Yorkda təşkil olunan görüşü ABŞ-ın bu prosesdəki aktiv rolunu göstərməklə yanaşı, artıq tarixin arxivinə atılmış Minsk Qrupunun diplomatik səylərini canlandırmaq məqsədi də daşıya bilər. Bu baxımdan rəsmi Bakının Minsk Qrupunun ləğv olunması ilə bağlı verdiyi bəyanatlar, Ermənistana bu qrupun fəaliyyətindən imtinaya dair edilən çağırışlar tamamilə ədalətlidir və Azərbaycanın milli maraqlarına uyğundur.

Azərbaycan enerji resursları ilə zəngin bir ölkədir və onun Avropaya enerji ixracı ABŞ üçün vacibdir. Ermənistanla münasibətlərin normallaşması Cənubi Qafqaz regionunda enerji marşrutlarının təhlükəsizliyini təmin edərək ABŞ-ın enerji maraqlarını qoruya bilər. Bu Amerikaya Mərkəzi Asiya regionuna rahat çıxış imkanları da verər.

Blinkenin təşəbbüsü ilə bu cür görüşlərin keçirilməsi ABŞ-ın Cənubi Qafqazda Rusiyanın təsirini məhdudlaşdırmaq istəyindən də qaynaqlanır. Nəzərə almaq lazımdır ki, Rusiya 30 il davam edən münaqişədə ənənəvi vasitəçi rolunu oynayıb və hər iki ölkə ilə sıx əlaqələrə malikdir. ABŞ bu kimi görüşləri təşkil etməklə Rusiyanın regiondakı dominant roluna alternativ yaratmağa çalışır və öz nüfuzunu artırmaq niyyəti güdür.

Nyu-York görüşü vasitəsilə ABŞ beynəlxalq arenada sülh təşəbbüslərində aparıcı vasitəçi rolunu möhkəmləndirməyə çalışır. O istəyir ki, bu yolla qlobal diplomatik nüfuzunu bir qədər də artırsın. Digər tərəfdən ABŞ Ermənistanla münasibətləri gücləndirərək regionda daha balanslı xarici siyasət yürütməyə çalışır. Ermənistanın iqtisadi və siyasi inkişafına dəstək verərək onu Rusiya və İranın təsirindən uzaqlaşdırmaq ABŞ-ın əsas məqsədləri sırasındadır.

MTM Analitik Qrup