
ABŞ-da şiddətli şaxta və qarla müşayiət olunan güclü qasırğa təxminən 250 milyon insanın (ölkə əhalisinin üçdə ikisi) yaşadığı böyük ərazini əhatə edib.
BBC telekanalı xəbər verir ki, ABŞ Milli Meteorologiya Xidməti ölkə ərazisində müşahidələr tarixinin ən miqyaslı şaxtalarının hökm sürdüyünü bildirib. Ölkənin demək olar ki, bütün ərazisi qış fırtınasının təsirinə məruz qalıb. Qar qasırğası şimalda Kanadadan başlayaraq, cənubdakı Rio-Qrandeyə qədər olan ərazini bürüyüb. Anomal hava şəraiti nəticəsində ABŞ və Kanadada 56 nəfərin həlak olduğu bildirilir.
Qasırğanın pik həddində Birləşmiş Ştatların 1,7 milyona yaxın sakininin elektrik təminatında problemlər yaranıb, bazar günü günortadan sonra onların sayı 200 minə enib.
Sinoptiklərin proqnozuna görə, qasırğanın yaxın bir neçə gün ərzində səngiyəcəyi gözlənilir, lakin əlverişsiz hava şəraitinin təsirinə məruz qalan bölgələrin sakinlərinə zərurət yaranmadıqca səyahətlərdən çəkinmələri tövsiyə olunur.