Beynəlxalq münasibətlər sisteminə ikili standartlar anlayışının Qərb dünyasını təmsil edən müəyyən ölkələrin fəaliyyəti əsasında gəldiyi məlum həqiqətdir. Elə bu gün də ikili standartlardan bəhs edərkən, təsəvvürə gələn ilk hal Qərb ölkələrinin müxtəlif dövlətlərə, xalqlara münasibətdə ədalətə və beynəlxalq hüquqa yox, öz maraqlarına uyğun davranış sərgiləməsi, bu müstəvidə siyasət yürütməsi olur. Ancaq çoxsaylı narazılıq və tənqidlərə baxmayaraq, ABŞ və Avropa ölkələrinin xarici siyasətlərində, xüsusilə insan haqları, demokratiya, beynəlxalq hüquq kimi məsələlərdə ikili standartlar nümayiş etdirməsi getdikcə artır.
Qərbin ikili standartlarının göründüyü ən çox diqqət çəkən sahələrdən biri insan haqları və demokratiya sferasındadır. Qərb ölkələri tez-tez özlərini demokratik dəyərlərin və insan haqlarının müdafiəçisi kimi göstərir, bu prinsipləri pozan ölkələri tənqid edirlər. Bununla belə, Qərb ölkələrinin özündə insan haqlarının, demokratiyanın pozulması halları olduqca geniş yayılsa da, bunlar görməzlikdən gəlinir. Məsələn, Fransada insan haqlarının qorunması ilə bağlı kifayət qədər ciddi problemlər olsa da, buna görə sözügedən ölkə hakimiyyətinə Qərbdə hansısa irad tutulmur. Qərbə bağlı müvafiq beynəlxalq təşkilatlar da bunu görməzlikdən gəlirlər. Təəssüf ki, belə misalların sayı az deyil.
Qərbin ikili standartlara əsaslanan siyasətinin təhlükəli məqamlarından biri də konkret ölkələrin suverenliyinin məhdudlaşdırılmasına cəhd olunmasıdır. Bunun əyani nümunəsini Gürcüstanın timsalında görmək olar. Bu qonşu ölkədə hakim “Gürcü Arzusu-Demokrat Gürcüstan” partiyasının hazırladığı və artıq parlamentdə qəbul edilən, qüvvəyə minən “Xarici təsirin şəffaflığı haqqında” qanun Qərblə Gürcüstan arasında böyük ziddiyyət yaradıb. Qərb açıq mətnlə bəyan edib ki, Gürcüstan belə bir qanunun qəbul etməməli idi. Əslində isə bu hal faktiki olaraq, Gürcüstanın daxili işlərinə müdaxilədir. Qərbin narahatlığına başlıca səbəb isə maliyyə və digər formada yardım göstərdiyi, bununla Gürcüstanda proseslərə müdaxilə imkanı qazandığı qurumların taleyidir. Qanunla illik gəlirlərinin 20 faizindən çoxunu xaricdən maliyyələşdirən qeyri-kommersiya təşkilatları və media vasitələri xarici təsir agentləri kimi tanınır.
Gürcüstan hakimiyyəti bəyan edir ki, xaricdən gələn pulların hara və hansı məqsədlər üçün xərcləndiyi ictimaiyyətə izah olunmalıdır. Elə bu da Qərbə sərf etmədiyi üçün Gürcüstanla münasibətlərini düşmənçilik həddinə çatdırıb. Halbuki, “Xarici təsirin şəffaflığı haqqında” qanunun bənzəri ABŞ başda olmaqla əksər Qərb ölkələrində çoxdan qəbul edilib və bu gün də hüquqi qüvvəyə malikdir.
Bundan başqa, Qərb Gürcüstan dəyərlərinə zidd olan müəyyən qanunların qəbulu üçün də rəsmi Tiflisə ciddi təzyiqlər edir. Amma Gürcüstan bütün bunlara layiqincə müqavimət göstərir. Qərbi narazı salan daha bir məqam Gürcüstanın öz milli maraqlarını və təhlükəsizliyini kənara qoyaraq, Rusiyaya qarşı düşmənçilik siyasəti sərgiləməməsidir. Beləliklə, Gürcüstanın müstəqil siyasəti Qərbdə ciddi narazılıq doğurur və son günlərə qədər edilən xəbardarlıqlara baxmayaraq, Tiflis öz mövqeyində heç bir dəyişiklik etmədi. Elə bu səbəbdən indi Qərb ölkələrinin Gürcüstana qarşı səlib yürüşü başlanıb. Həmişəki kimi ilk növbədə sanksiyalar siyasəti işə salınıb. Artıq ABŞ Gürcüstanın iki təhlükəsizlik rəsmisinə maliyyə sanksiyası, daha 60 Gürcüstan vətəndaşına da viza məhdudiyyətləri tətbiq edib. ABŞ Dövlət Departamenti bildirib ki, bu 60 nəfərin arasında yüksək vəzifəli hökumət rəsmiləri də var. ABŞ hökuməti ölkənin hakim partiyasının lideri olan Bidzina İvanişviliyə qarşı da ayrıca maliyyə sanksiyaları paketi hazırlayıb.
Eyni mövqe Avropa İttifaqı tərəfindən də sərgilənir. Qurum Gürcüstanla vizasız gediş-gəlişin ləğvini istisna etmir. Avropa İttifaqının Brüssel sammitində Gürcüstanın siyasətinin sərt tənqid hədəfinə çevrilməsi, sözügedən ölkənin təşkilata inteqrasiyasının dayandırlacağına dair şantaj xarakterli fikirlər də bunun təzahürdür.
Bundan öncə isə Avropa Parlamenti Avropa İttifaqını Bidzina İvanişviliyə və bır sıra rəsmi şəxslərə sanksiyalar qoyulmasına, Gürcüstan hökumətinin maliyyələşdirilməsinin dayandırılmasına çağırıb. Avropa İttifaqı 2023-cü ildə Gürcüstana bloka namizəd statusu verməsinə diqqət çəkən Avropa Parlamenti rəsmi Tiflisin hazırkı siyasətinə görə, Gürcüstanın quruma inteqrasiyası prosesini tamamilə dayandırılmasını təklif edir. Qeyd edilənlərə paralel olaraq, Qərb Gürcüstana müxtəlif layihələr üzrə ayrılan maliyyə yardımlarını və digər bir sıra tranşları da dayandırır. Özü də bütün bunlar oktyabrın 26-da keçiriləcək parlament seçkiləri ərəfəsində baş verir. Seçkilər məsələsinə diqqət çəkən Avropa İttifaqının xarici siyasət idarəsinin rəhbəri Josep Borrell bildirir: “Gürcüstanda hakim partiyanın son hərəkətləri, bəyanatları və seçki vədləri ölkəni Avropa yolundan uzaqlaşdırır və avtoritarizmə doğru gedişi ifadə edir… Bilirsiniz ki, Avropa Komissiyası Avropanın maliyyə vəsaitlərinə çıxışla bağlı qərar qəbul edir. Ona görə də gəlin Gürcüstan demokratiyası və onun Avropaya inteqrasiyası üçün həlledici sınaq olacaq parlament seçkilərini gözləyək”.
ABŞ və Avropanın ümidi odur ki, bu seçkilərdə Qərbin diqtəsilə hərəkətə meylli müxalifət qalib gələcək. Lakin son rəy sorğuları “Gürcü Arzusu-Demokrat Gürcüstan” partiyasının ən azı 60 faiz seçici dəstəyinə malik olduğunu, seçkilərdə inamlı qələbə qazanacağını göstərir. Əgər nəticələr hakim partiyanın xeyrinə olarsa, onda Qərbin Gürcüstana qarşı daha aqressiv siyasət sərgiləyəcəyi qaçılmaz hesab olunur. Məqsəd Gürcüstanı Ermənistan kimi sözəbaxan ölkəyə çevirməkdir. Ancaq Gürcüstan bütün bunların qarşısında qətiyyətlə sinə gərir. Baş verənlər isə Qərbin təkcə Gürcüstan yox, ümumən Cənubi Qafqazla bağlı siyasətinin böyük yanlışlıqlar üzərində qurulduğunu göstərir. Eyni zamanda bu hal Qərbə etimadı və etibarı da əhəmiyətli şəkildə sarsıdır.
MTM Analitik Qrup