ABŞ SÜLH PROSESİNİN SÜRƏTLƏNMƏSİNİ İSTƏYİRSƏ, ERMƏNİSTANA TƏSİR GÖSTƏRMƏLİDİR

Azərbaycanın Ermənistanla danışıqlar üçün təklif etdiyi sülh gündəliyi və birbaşa dialoq formatının səmərəli olması vasitəçilik təşəbbüsləri ilə çıxış edən ABŞ tərəfindən də etiraf edilir. Bunu ABŞ prezidenti Cozef Baydenin sülh istiqamətində aparılan danışıqlar və əldə olunan müsbət nəticələrlə əlaqədar Prezident İlham Əliyevə ünvanladığı məktub fonunda aydın görmək mümkündür.

Prezident Cozef Bayden məktubda Dövlət başçısı İlham Əliyevdən Azərbaycanda səfərdə olan xüsusi köməkçisi, Avropa üzrə baş direktor Maykl Karpenteri qəbul edərək sülh prosesi ilə müzakirələr aparılmasını xahiş edib. Aşkar görünür ki, rəsmi Vaşinqton hazırkı mərhələdə sülh prosesinin irəliləməsi üçün rəsmi Bakının mövqeyinin nəzərə alınmasını vacib hesab edir. ABŞ Prezidenti köməkçisini ölkəmizə göndərməklə bir tərəfdən sülh prosesi üçün atmağa hazır olduğu addımları çatdırmağa, digər tərəfdən isə danışıqlar prosesinin hazırkı mərhələsində rəsmi Bakını qane etməyən məqamları aydınlaşdırmağa çalışır. Çox güman ki, rəsmi Vaşinqton bu məsələlərlə əlaqədar Ermənistanla da müəyyən müzakirələr aparır və rəsmi İrəvanı razı salmağa çalışır.

Prezident İlham Əliyev oktyabrın 21-də ABŞ Prezidentinin xüsusi köməkçisi və Milli Təhlükəsizlik Şurasının Avropa üzrə baş direktoru Maykl Karpenteri qəbul zamanı ölkəmizin sülh prosesi ilə bağlı prinsipial yanaşmasını bir daha oraya qoyub. Sülh müqaviləsinin və onun əsasını təşkil edən beş prinsipin təşəbbüskarının məhz Azərbaycan olduğunu deyən dövlətimizin başçısı vurğulayıb ki, ölkəmiz regional sülh gündəliyini dəstəkləyir. Prezident İlham Əliyev onu da bildirib ki, Ermənistanın sülh müqaviləsinin mətni üzrə son təkliflərini 70 gündən sonra göndərməsi bu ölkənin prosesin irəli aparılması niyyəti ilə bağlı müəyyən suallar doğurur.

Ermənistanın konstitusional əsasda Azərbaycana qarşı ərazi iddialarının sülh müqaviləsinin imzalanması yolunda başlıca maneə olduğunu bildirən Prezident İlham Əliyev ölkəmizin prosesin irəli aparılması üçün bundan sonra da qəti addımlarını davam etdirəcəyini vurğulayıb. Göründüyü kimi, Azərbaycanın qarşı tərəflə yekun sülh sazişinin imzalanması üçün irəli sürdüyü tələblər dəyişməz olaraq qalır.  

Bu da aşkar görünür ki, ABŞ sülh danışıqlarının tez bir zamanda yekunlaşmasında, Ermənistanın ərazisindən keçərək Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı biləşdirəcək Zəngəzur Dəhlizinin açılmasında maraqlıdır. İndiki mərhələdə prosesin uzanması kommunikasiya xətlərinin İran ərazisindən çəkilməsini labüd edir və bu da Vaşinqtonun maraqlarına cavab vermir. Təsadüfi deyil ki, ABŞ Prezidentinin xüsusi köməkçisi və Milli Təhlükəsizlik Şurasının Avropa üzrə baş direktoru Maykl Karpenter Prezident İlham Əliyevlə görüşü zamanı sülh müqaviləsinin imzalanması ilə regional əməkdaşlıq üçün geniş imkanların yaranacağını vurğulayıb, ölkəsinin bu prosesin irəli aparılmasında qəti dəstəyini ifadə edib.  

Rəsmi Vaşinqton Qarabağdakı qanunsuz rejimin süqutundan sonra regionda formalaşan yeni reallıqları qəbul etməklə yanaşı, sülh üçün yaranmış əlverişli fürsətin adekvat dəyərləndirilməsində maraqlıdır. Lakin yekun sülh sazişnin imzalanması hazırda Ermənistanın müəyyən məsələlərdə nümayiş etdirdiyi destruktiv mövqe səbəbindən uzanır. Prezident İlham Əliyev dəfələrlə bildirib ki, yekun sülh sazişinin imzalanması üçün Ermənistan Konstitusiyasının ölkəmizə qarşı ərazi iddialarına yol açan müddəaları dəyişdirilməlidir. Rəsmi İrəvan bu istiqamətdə nəinki ciddi addımlar atmır, eləcə də ATƏT-in Minsk Qrupu kimi arxailəşmiş qurumun ləğvi məsələsində konstruktiv mövqe tutmur. ABŞ həqiqətən də sülh prosesində maraqlıdırsa, Ermənistanın bu məsələrdə konstruktivlik nümayiş etdirməsinə təsir göstərməlidir.

Digər tərəfdən, Azərbaycanın sülh istiqamətində atdığı addımlar rəsmi İrəvan tərəfindən konstruktiv qiymət almır. Qarşı tərəf ölkəmizin sülh müqaviləsinin mətni üzrə son təkliflərinə 70 gündən sonra cavab verməklə, prosesi süni şəkildə uzatmaq yolunu tutub. Bundan əlavə, Azərbaycan Ermənistanı sülh platforması kimi nəzərdən keçirdiyi COP29 tədbirinə dəvət etsə də, qarşı tərəf bu təklifə münasibətini hələ də açıqlamayıb.

MTM Analitik Qrup