ABŞ QLOBAL LİDERLİYİNİ HƏM DƏ DATA VƏ ALQORİTMLƏRLƏ QORUMAQ İSTƏYİR

ABŞ Prezidenti Donald Trampın süni intellekt sahəsində imzaladığı üç fərman bu texnologiyanın yalnız daxili iqtisadi inkişafın mühərriki kimi deyil, həm də qlobal güc balansını formalaşdıran bir vasitə kimi dəyərləndirildiyini göstərir. Trampın “Amerika qalib gələcək” şüarı ilə təqdim etdiyi bu sənədləri əslində təkcə texnoloji deyil, həm də strateji və geosiyasi yol xəritəsi də hesab etmək olar. Çünki Trampın imzaladığı fərmanlara nəzər salanda görürük ki, onların hər biri müxtəlif istiqamətlərə yönəlib və süni intellekt milli prioritet elan edilib. Həmin fərmanla süni intellekt texnologiyaları ABŞ milli təhlükəsizliyi və iqtisadi inkişafı üçün əsas götürülüb. Bu, həm də federal elmi tədqiqat büdcələrinin süni intellekt istiqamətinə yönəldilməsini nəzərdə tutur. Digər tərəfdən ABŞ texnologiya ixracında Çinin təzyiqi ilə qarşılaşdığı zamanda Tramp bu sahədəki məhsulların ixracını sürətləndirmək, onların xarici bazarlarda payını artırmaq istəyir. Bununla da ABŞ texnologiyası üçün qlobal “standard-maker” rolunu qorumaq niyyətindədir. Tramp süni intellektin inkişafı üçün təkcə dövlət tədqiqatlarını deyil, eyni zamanda özəl texnoloji şirkətlərin – Google, Microsoft, Amazon, OpenAI və digərlərinin də rolunu önə çəkir. Bu baxımdan Trampın fərmanları ABŞ-də dövlət-özəl sinerjisini yeni mərhələyə daşımaq məqsədi daşıyır.

Trampın Vaşinqtonda süni intellektin inkişafına həsr olunmuş konfransda “Amerika süni intellekt yarışını başladan ölkədir” deməsi əslində ABŞ-ın bu sahədəki tarixi mövqeyinə və infrastruktur üstünlüyünə əsaslanır.Belə ki, ABŞ dünyanın ən böyük texnologiya şirkətlərinin mərkəzidir. 1956-cı ildə Nyu-Hempşirdə keçirilən Darmouth konfransı rəsmi olaraq süni intellektin doğulduğu məkan sayılır. 2010-cu illərin sonlarından başlayaraq ABŞ-da süni intellekt üzrə tədqiqatlara ayrılan büdcə sürətlə artıb və 2025-ci ildə bu rəqəm 60 milyard dollar olub. Ona görə də Trampın bu bəyanatı ABŞ-nin texnoloji liderliyini ideoloji çağırışla birləşdirir. Yəni əgər texnologiyada lider deyilsənsə, siyasətdə də lider ola bilməzsən.

Trampın sünin intellektlə bağlı imzaladığı fərmanları Çinə qarşı “texnoloji müharibə”nin bir hissəsi kimi də qəbul etmək olar. Çin artıq süni intellekt üzrə dövlət proqramlarını 2017-ci ildə yeni mərhələyə daxil etmişdi. Məqsəd 2030-cu ilə qədər Pekini bu sahədə qlobal lider səviyyəsinə qaldırmaq idi. Trampın çıxışında “ABŞ Çindən çox irəlidədir və üstünlüyünü daha da möhkəmləndirəcək” deməsi isə bu təhlükəni neytrallaşdırmağa yönəlib və bunun üçün əsaslar da var. Belə ki, ABŞ ən qabaqcıl çip texnologiyasına, dünya miqyasında tanınmış tədqiqat institutlarına, ali təhsildə beynəlxalq istedad cəlbinə, innovasiya üçün əlverişli investisiya mühitinə malikdir. Çin isə daha çox sürətli dövlət dəstəyi və sərmayə yönləndirməsi, məlumat bazalarının genişliyi, qanunvericiliyin texnologiya qarşısında daha elastik olması ilə fərqlənir. Tramp fərmanları ilə bu sahədə “sürət yarışı”nda ABŞ-ın təkcə öncül mövqeyini deyil, həm də Çin kimi rəqiblərin qarşısını almağa yönələn əks-hücum siyasətini formalaşdırır.

Süni intellekt sadəcə texnologiya deyil, həm də yeni nizamın strateji silahıdır. Tramp fərmanları bu texnologiyanın müdafiə sənayesində, kəşfiyyat əməliyyatlarında, kiber təhlükəsizlik və informasiya müharibəsində, ticarət və logistika şəbəkələrində, həmçinin diplomatik strategiyalarda istifadəsini daha da artıracaq. Bu isə ABŞ-nin qlobal liderliyini yalnız silahla deyil, həm də data və alqoritmlərlə qorumaq istəyini ortaya qoyur. Bütün bunları nəzərə alanda görürük ki, Trampın hər üç fərmanı sadəcə texnoloji sənəd təsiri bağışlamır, onlar XXI əsrdə ABŞ-nin yerini müəyyən edən doktrinadır. Bu fərmanlar yalnız Birləşmiş Ştatlar üçün deyil, bütün dünya üçün xəbərdarlıqdır: kim süni intellektdə öndədirsə, o, gələcəyin hegemonudur.

MTM Analitik Qrup