Pentaqon Varşavanın təklifi ilə Polşaya “Patriot” zenit-raket kompleksləri göndərmək niyyətindədir.
Bunu ABŞ Silahlı Qüvvələrinin Avropa komandanlığının nümayəndəsi Adam Miller TASS agentliyinin sorğusuna cavab verərkən deyib.
Onun sözlərinə görə, ABŞ Polşada iki “Patriot” zenit-raket batareyası yerləşdirəcək. Pentaqonun fikrincə, bu addım Birləşmiş Ştatlara, müttəfiqlərin qüvvələrinə və NATO ərazisinə hər hansı potensial təhlükənin qarşısını almağa imkan verəcək.
“Bu, 5-ci maddəyə sadiqliyimizi nümayiş etdirən və heç bir hücum əməliyyatını dəstəkləməyən müdafiə addımıdır”, – deyə Adam Miller bildirib.
Qeyd edək ki, 1949-cu ildə Vaşinqtonda imzalanmış Şimali Atlantika Müqaviləsinin 5-ci maddəsi NATO-ya üzv bir və ya bir neçə ölkəyə qarşı silahlı hücum olduqda kollektiv cavab tədbirlərini nəzərdə tutur.