
Yaxın Şərq Sülh Sammiti dünyada sabitlik və qarşılıqlı anlaşma istiqamətində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilməklə yanaşı, Cənubi Qafqaz regionunda sülhyaratma prosesinin də xüsusi diqqət mərkəzində olduğunu təsdiqləyib. Sammit zamanı ABŞ Prezidenti Donald Trampın Azərbaycan və Ermənistan arasında 2025-ci il avqustun 8-də imzalanmış Vaşinqton sazişinin əhəmiyyətinə xüsusi toxunması bütövlükdə beynəlxalq ictimaiyyət üçün mühüm siqnal olub.
Donald Trampın Ermənistan və Azərbaycan arasında əldə olunan razılaşmaları dünyaya mütərəqqi sülh modeli kimi təqdim etməsi regional və qlobal geosiyasi reallıqlar baxımından böyük əhəmiyyət daşıyır. Cənubi Qafqazda sülh prosesinin möhkəmlənməsinə və qarşılıqlı etimada xidmət edən bu yanaşma həm də ABŞ-nin beynəlxalq münasibətlər sistemində itirilmiş mövqelərini bərpa etmək niyyətini nümayiş etdirir. Son illərə qədər müxtəlif regionlara hərbi-siyasi müdaxilələrinə görə tənqid olunan ABŞ məhz Donald Trampın hazırkı prezidentliyi dövründə qlobal sülhyaratma missiyasını üzərinə götürüb və bu istiqamətdə mühüm nəticələr əldə edib.
Cari ilin ötən dövründə bir sıra qaynar bölgələrdə müharibə və qarşıdurmaların aradan qaldırılmasında mühüm rol oynayan Donald Tramp Administrasiyası Azərbaycanla Ermənistan arasında, xüsusilə nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası və Zəngəzur dəhlizinin reallaşdırılması üzrə razılaşmanın əldə olunmasında həlledici rol oynayıb. Avqustun 8-də Vaşinqtonda “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (Zəngəzur dəhlizi) barədə əldə olunan razılaşmada ABŞ Prezidentinin xidmətləri danılmazdır.
ABŞ Prezidentinin Vaşinqton razılaşmalarını son iki ayda dəfələrlə xatırlatması, təqdir etməsi və diplomatik nailiyyət kimi təqdim etməsi sülhün alternativsizliyi ilə bağlı dünyaya ünvanlanmış mesajdır. Vaşinqtonun yeni strategiyası bundan ibarətdir ki, regionlarda sülhün təşviqi qlobal sabitliyə və təhlükəsizliyə birbaşa təsir göstərir. Cənubi Qafqazda sülh prosesinin irəliləməsi Yaxın Şərqdə sülh təşəbbüslərinə də müsbət təsir göstərir və beynəlxalq diplomatiyada yeni reallıq yaradır. ABŞ-nin regionda sülhün təminatçısı kimi çıxış etmək niyyəti onun beynəlxalq sistemdə mövqelərini möhkəmləndirir və digər qlobal aktorlar üçün də nümunə təşkil edir.
Azərbaycan və Ermənistan arasında sülh quruculuğu istiqamətində əldə edilmiş nəticələrin mühüm beynəlxalq platformalarda təqdir edilməsi Cənubi Qafqazda formalaşan yeni georeallığın beynəlxalq səviyyədə tanınması deməkdir. Azərbaycan 2020-ci ildə İkinci Qarabağ müharibəsi və 2023-cü ildə lokal antiterror əməliyyatları nəticəsində ərazi bütövlüyünü bərpa edib, Ermənistanla sərhədlərin müəyyənləşdirilməsi istiqamətində konkret addımlar atıb. ABŞ-nin yekun sülh sazişinə doğru atılmış həlledici addımları dəstəkləməsi və prosesi diqqətdə saxlaması regionda beynəlxalq hüquqa əsaslanan yeni geosiyasi nizamın möhkəmlənməsinə xidmət edir. Donald Trampın çıxışlarında bu regionda əldə olunan sülhü təşviq etməsi həm də Azərbaycanın beynəlxalq hüquqa əsaslanan sülh gündəliyinin legitimliyinin ABŞ tərəfindən tanınması deməkdir.
Cənubi Qafqazda sülh quruculuğu prosesinin beynəlxalq ictimaiyyətə uğurlu nümunə kimi təqdim edilməsi digər münaqişə bölgələrinə ünvanlanmış siyasi mesajdır. Cənubi Qafqazda əldə olunan nəticələr Yaxın Şərq, Afrika və Asiyada davam edən ərazi və sərhəd münaqişələrinin həlli üçün diplomatik presedent yaradır. Ağ Ev Azərbaycan və Ermənistanın nümunəsində diplomatiyanın səmərəli nəticələrini nümayiş etdirməklə, eyni zamanda ABŞ-nin “məsuliyyətli güc” imicini formalaşdırmağa çalışır.
Bu prinsipial mövqe Cənubi Qafqazda sülhyaratma prosesinə mane olmağa çalışan bəzi ölkələrin və beynəlxalq təşkilatların da yanaşmasına təsirsiz qalmayıb. Xüsusilə Fransa və Avropa İttifaqına üzv bir sıra dövlətlər Azərbaycana qarşı birtərəfli və qərəzli siyasətdən uzaqlaşmağa, reallıqla barışmağa məcbur olublar. Konkret olaraq rəsmi Parisin siyasətində dönüş müşahidə olunur. Fransa Prezidenti Emmanuel Makronun Avropa Siyasi Birliyinin VII Zirvə Görüşü və Yaxın Şərq Sülh Sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə xüsusi görüşməsi, münasibətləri normallaşdırmağa yönəlmiş siyasi jestləri bunun əyani nümunəsidir. Fransa rəhbərliyinin ritorikasında müşahidə olunan yumşalma Vaşinqton sazişinin beynəlxalq legitimliyini və Azərbaycanın diplomatik uğurunu bir daha təsdiqləyir.
ABŞ uzun illərdir ki, Yaxın Şərq və Cənubi Qafqaz regionlarını qlobal təhlükəsizlik sisteminin ayrılmaz tərkib hissəsi kimi qəbul edir. Bu regionlarda davamlı sabitliyin təmin olunması Vaşinqton üçün həm iqtisadi, həm də geosiyasi baxımdan strateji əhəmiyyət daşıyır. Belə ki, bu məkan həm enerji resurslarının, həm də beynəlxalq nəqliyyat marşrutlarının kəsişmə nöqtəsidir. Bakı–Tbilisi–Ceyhan, Bakı–Tbilisi–Ərzurum, Cənub Qaz Dəhlizi və perspektivdə reallaşdırılması nəzərdə tutulan Zəngəzur dəhlizi kimi layihələr ABŞ-nin enerji təhlükəsizliyi və Avropanın Rusiyadan asılılığının azaldılması strategiyasında mühüm rol oynayır.
ABŞ-nin Cənubi Qafqazda sülh və sabitliyin vacibliyini anlaması, bu prosesə təminatçı kimi yanaşması Vaşinqton sazişinin mahiyyətinə tam uyğundur. Bu, həm də onu göstərir ki, rəsmi Vaşinqton regionu geosiyasi rəqabət məkanı kimi deyil, dayanıqlı əməkdaşlıq və iqtisadi inteqrasiyanın mərkəzi kimi görmək istəyir.
Nəhayət, Donald Trampın Cənubi Qafqazda sülhyaratma prosesini dəstəkləməsi və təqdir etməsi beynəlxalq münasibətlərdə reallıqların qəbuluna yönəlmiş tendensiyanı gücləndirib. Azərbaycanın beynəlxalq hüquqa əsaslanaraq regionda sülhü, ədaləti və sabitliyi öz iqtisadi və hərbi-siyasi gücü hesabına təmin etməsi yeni geosiyasi reallıq yaradıb. Bu təcrübə analoji münaqişələrin həlli üçün də presedent ola bilər. ABŞ rəhbərliyi açıq şəkildə bəyan edir ki, Cənubi Qafqazda əldə olunan sülh modeli digər gərgin regionlara da tətbiq oluna bilər.
MTM Analitik Qrup