ABŞ Konqresinin Nümayəndələr Palatası çərşənbə günü Ukraynaya dəstək ifadə edən qətnaməni demək olar ki, yekdilliklə qəbul edib.
Məcburi qüvvəyə malik olmayan bu qətnamə Rusiya Prezidenti Vladimir Putini atəşi dərhal dayandırmaq üçün tədbirlər görməyə çağırır.
Sənəddə təsdiqlənir ki, qanunverici orqan Rusiyanın nəzarəti altında olan hər hansı qeyri-legitim lideri və ya güc tətbiq edilməklə qurulmuş hökuməti heç vaxt tanımayacaq və dəstəkləməyəcək. Birləşmiş Ştatlar və onun müttəfiqləri Ukraynanın müdafiə ehtiyacları üçün maliyyə yardımı ayırmağa çağırılır.
Nümayəndələr Palatasının üzvü, xarici işlər komitəsinin Nyu-York ştatından olan üzvü Qreqori Miks deyib: “Bu gün tarixin kamerası bizim hamımızı çəkir”. Nümayəndələr Palatasının səsvermə hüququna malik olan 429 üzvündən hamısı respublikaçılar olan 3 qanunverici: Pol Qosar (Arizona), Tomas Messi (Kentuki) və Mett Rozendeyl (Montana) qətnamənin təsdiq edilməsinin əleyhinə səs verib.